Modetator.az tanınmış şair və publisist Nurəddi İsmayılın yeni şeirini oxuculara təqdim edir.
Doğuldun sən günəş kimi, ay kimi,
Şəfəqlərdən rəngin alan bayrağım!
Dalğalanıb, çağlayırsan çay kimi,
Göy üzü tək zəngin olan bayrağım!
Hürr yaşayan millətimin gözüsən,
Könüllərin çiçək açan sözüsən,
Bayraq deyil, azadlığın özüsən,
Başım üstə dalğalanan bayrağım!
Imanımdır, soy nişanım, qanımdır,
Üstündəki al qan, mənim qanımdır,
Istiqlalım, candan əziz canımdır,
Ucalardan, uca olan bayrağım!
Müjdə verdin, zülmə qalib elindən,
Qurtuldun sən əsarətin selindən,
Öpüm sənin gül qoxuyan telindən,
Işıq saçan, şölə salan bayrağım!
Axdı sinən üstən qızılı qanlar,
Baş qoyub azadlığa, təşnə canlar,
Şərəfdir hər kəsə, etsə, qurbanlar,
Canlar verib, canlar alan bayrağım!
Zirvəsində gül bitirən qalamsan,
Ay-ulduzlu, yaşıl gözlü, balamsan,
Bir gün gəlsin, Təbrizdə ucalasan,
Yaddaşlarda izi qalan bayrağım!
Nurəddin
İsmayıl
15 noyabr 2014