“Bədəninizin yanına ruh qoyun, ona ana dili əlavə edin, qarşınıza insan çıxar”.
Bu dəyərli sözlər məşhur
türk mütəfəkkiri Gürbüz Azaka məxsusdur. Hansı ki, bu bir cümlədə ana dilinin hər
bir fərd və xalq üçün önəmi bütün əzəməti və zəruriliyi ilə öz əksini tapıb. Doğrudan
da, ana dili hər bir xalqın özünütəsdiqi və özünəməxsusluğunun təcəssümüdür. Hər bir
xalqın ana dilinə verdiyi önəm o xalqın anaya, vətənə və bayrağa olan sevgisi
ilə düz mütənasibdir. Odur ki, bir xalqın bayraq və vətən sevgisini müəyyənləşdirmək üçün onun
ana dilinə olan münasibətini test etmək kifayətdir.
Lakin təəssüflər olsun
ki, Azərbaycanın 20 ildən çoxdur ki, öz müstəqilliyinə qovuşmasına baxmayaraq,
bu gün də ölkəmizdə ana dilinə lazımi hörmət və qayğı hiss edilmir. Sadəcə vətəndaşlar
arasındakı ünsiyyətdə deyil, dövlət idarələri və müəssisələrdə, küçə və meydan
adlarında da ana dilinə olan arzuedilməz münasibət özünü hiss etdirir.
Hazırda bir tək Sumqayıt
şəhərində ana dilinə olan hörmətsizliyi əks etdirən yüzlərlə nümunə var ki,
onlardan da bir çoxu sovet dönəmindən qala küçə adlarının, qəhrəman və
ziyalılarının tanıtımına xidmət edən lövhələrin əcnəbi dildə olması ilə
bağlıdır.
Bu gün Sumqayıtda dənizkənarı
parkla üzbəüz Səməd Vurğun küçəsində adıçəkilən məşhur Azərbaycan şairi ilə
bağlı nəhəng bir lövhə yer alır ki, bu
lövhədə S.Vurğunun kimliyi vətəndaşlara rus dili və kiril əlifbası ilə təqdim
olunur. Başqa sözlə desək, rus dili və kiril əlifbasından xəbərsiz olan bir
insan üçün həmin lövhə S.Vurğunun kimliyi haqqında heç nə demir. Halbuki, müstəqillik
əldə etdiyimiz gündən bugünə qədərki zamanı və ən əsası ana dilinin əhəmiyyətini
nəzərə alaraq bu lövhənin 20 il bundan öncə dəyişdirilməsi zəruri idi. Lakin görünən
odur ki, son 20 il ərzində 4-5 icra başçısı yola salan, hər qarışına, hər bir
metrinə qədər satılan, qazanc mənbəyinə çevrilən şəhərdə nə Səməd Vurğunun şəxsiyyətinə,
nə də ana dilinə hörmət bəsləyən bir məmur tapılmır. Görünən odur ki, bu ölkədə
yalnız o məsələlərə diqqət yetirilir ki, ondan maddi qazanc əldə etmək, onun
hesabına zəngin olmaq, sərvət və şöhrət sahibinə çevrilmək mümkün olsun. Görünən
odur ki, bu ölkədə ana və ana sevgisi ilə
bağlı deyilənlər sadəcə pafos və nağıldır.
Və bu yerdə qeyri-ixtiyari
olaraq Azərbaycanın unudulmaz şairi Bəxtiyar Vahabzadənin aşağıdakı şeiri yada
düşür:
“Bir vaxt rusca idi bütün
reklamlar,
Indi ingiliscə dürtülür
gözə.
Itin də dilinə hörmətimiz
var,
Təkcə öz dilimiz yaramır
bizə”.
Bəli, təəssüflər olsun
ki, müstəqillikdən öncəki və sonrakı bütün tariximiz ana dilimizdən başqa bütün
dillərə, hətta it dilinə belə hörmət bəslədiyimizi sübut edir. Əlbəttə, normalda bir xalqın digər xalqların
dilinə hörmət bəsləməsi gözəl və təqdirəlayiqdir. Lakin bu, yalnız o halda təqdir
edilə bilər ki, əcnəbi dilə olan bu hörmət ana dilinə hörmətsizlik fonunda
meydana çıxmasın.
Şübhəsiz, hər bir xalqın,
hətta itin belə dilinə hörmət etmək lazımdır və bu hörmət hər şeydən öncə həmin
xalqın yüksək mədəniyyət və mənəviyyatına dəlalət edir. Fəqət unutmaq olmaz ki,
it dilinə hörmətlə yanaşıb ana dilini gözardı edən kəs bir itdən daha dəyərsiz,
daha önəmsizdir. Və öz dilinə it dili qədər dəyər verməyən xalqın sadəcə olaraq
yaşam haqqı yoxdur.
Seymur Əliyev
e-mail: [email protected]
FOTO" src="//old.moderator.az/fotobaza/original/2485.jpg">