Bu gün təmas xəttinin Ağdam hissəsində düşmənə məxsus Mi-24 tipli helekopterinin ordumuz tərəfindən məhvi Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi və məmnunluqla qarşılanıb. Vətəndaşların bir çoxu bunu konstitusiya günündə Azərbaycan ordusunun Azərbaycan xalqına bayram hədiyyəsi kimi dəyərləndirib. Maraqlıdır, baş verənləri həqiqətən də ordunun xalqa bayran hədiyyəsi kimi qiymətləndirmək olarmı?
Bununla bağlı
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov baş verənləri fərqli
aspektdən şərh etdi:
“Öncə konstitusiya günü
münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Bu gün tarixi bir gündür.
Lakin hesab edirəm ki, düşmən helikopterinin məhv edilməsini ordumuzun
xalqımıza hədiyyəsi kimi qəbul etmək doğru deyil. Düşmən öz təxribatının
qurbanı olub. Azərbaycanın BMT və dünya tərəfindən tanınmış məlum sərhədləri
var. Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində Azərbaycanın ərazi
bütövlüyü pozulub. Bu gün torpaqlarımızın 20% düşmən işğalı altındadır. Azərbaycanın
bütün xəbərdarlıqlarına rəğmən işğal altındakı torpaqlarımızda işğalçı tərəf
qanunsuz uçuşlar keçirirdi. Azərbaycan tərəfi dəfələrlə bəyan edirdi ki, bu,
qanunsuzdur və biz uçan obyektləri vurmaq səlahiyyətini özümüzdə saxlayırıq. Ermənilər
bunun heç birinə məhəl qoymurdu. Hətta təmas xəttinə yaxın ərazilərdə, gözlə
görünən məsafədə təlimlər keçirirdilər. Bu təlimlərdə bir neçə dəfə helekopterlərdən
istifadə etmişdilər. Lakin ermənilər elə güman edirdi ki, Azərbaycan tərəfi
sonsuz xəbərdarlıqla kifayətlənəcək və qəti addım atmayacaq. Lakin Azərbaycan
son anda öz sözünün üstündə durdu və düşmən helikopterini məhv etdi. Bu, Azərbaycanın
hüququdur. Ölkəmiz heç bir qanunu pozmayıb və ordumuzu bu uğuruna görə
alqışlayırıq!”
Seymur Əliyev