İlham Əliyev sadəcə Azərbaycan respublikasının
prezidenti deyil. O həm də, qeyri-rəsmi şəkildə Nazirlər Kabinetinin başçısı, nəqliyyat,
səhiyyə, təhsil, kənd təsərrüfatı naziridir. Bir sözlə, bu ölkədə nə qədər
nazirlik və komitə mövcuddursa, onların hamısının başında məhz İ.Əliyev
dayanır. Və yəqin ki, bu reallığın məxsusi olaraq isbatına heç bir ehtiyac
yoxdur. Çünki Azəbaycanda istənilən sahədə həyata keçirilən hər bir yeniliyin məhz
İ.Əliyevin adı ilə əlaqləndiridiyi hər kəsə məlumdur.
Ölkədə tikilən yol və körpülərin kənarınaa bərkidilən
lövhələr, orta məktəblər üçün nəzərdə tutulan dərsliklərin ilk səhifəsində yer
alan xatırlatmalar ”“ bütün yazılı və şifahi məlumatların hamısı görülən işlərin
məhz İ.Əliyevin təşəbbüsü və sərəncamı əsasında rellaşdığından xəbər verir. Və bu yerdə verilməməsi günah olan
bir sual meydana çıxır. Madam ki, ölkədəki bütün nazirliklərin işini ölkə
başçısı aparır, madam ki, körpünün harda necə tikiləcəyi, su borusunun hardan
neçə diametr ölçüsündə keçəcəyi, hansı dərsliyin hansı tərtibatla çap ediləcəyini
ölkə başçısı müəyyən edir, o zaman bütün bu nazirliklər nəyə lazımdır? Dövlət
büdcəsindən maliyyələşən və mövcudluğu milyonlarla vəsait tələb edən bu
institutları saxlamağa ehtiyac varmı?
Doğrudan da, madam ki, bu ölkədə sadəcə bir nəfər
bütün dövlət qurum və strukturlarının yerinə çalışır, bu həmin quurmların gərəksizliyinə
dəlalət edir və məntiqlə bu cür qurumlar anındacı buraxılmalı, ləğv edilməlidir.
Bu gün ölkədəki demək olar ki, bütün nazirliklər
gördükləri işi, atdıqları addımı ölkə başçısınına adı ilə əlaqələndirir. Məqsəd
hakimiyyətin birinci pilləsində qərarlaşan şəxsə yarınmaq, görülən bütün işləri
onun adına yazmaqla bir növ ölkə başçısının reaklamını həyata keçirməkdir.
Halbuki, belə bir mövqe həm sözügedən nazirlik, həm də ölkə başçısı üçün
olduqca zərərli və anti-reklam xarakterlidir. Çünki hər hansı bir nazirlik
gördüyü işi bilavasitə ölkə başçısının adı ilə əlaqələndirr və özünü gördüyü
işin məsuliyyətindən kənarda qoyursa, bununla öz gərəksizliyini, o cümlədən təşəbbüs
və novatorluqdan məhrum olduğunu etiraf etmiş olur.
Baş verənlərin ölkə başçısı üçün xoşagəlməz tərəfləri
isə daha çoxdur. Birincisi, əgər hər hansı nazirliyin gördüyü iş prezidentin
adı ilə əlaqələndirilirsə, bu o deməkdir ki, ölkə başçısı nazir postunda
çalışmaq üçün düzgün kadrlar seçə bilmir. Bu səbəbdən də hansısa nazirlik və ya
komitənin görməli olduğu işi özü görür. Digər bir məqam ondna ibarətdir ki, ölkə
konstitusiyası və qanunvericiliyində prezidentin fəaliyyət dairəsi konkret
olaraq müəyyən edilib. Bu isə o deməkdir ki, əgər ölkə başçısı körpü tikmək,
yumurta qiymətini tənzimləmək, avtomobillərdən plyonka sökmək qeydinə qalmaq məcburiyyətindədirsə,
deməli bilavasitə prezident olaraq özünün görməli olduğu işi görə bilmir. Çünki
bütün nazirliklərin funksiyasını daşıyan prezidentin öz işinə zaman və enerji
çatdırması mümkünsüzdür. Deməli, prezidentin fəaliyyət sektorunda ciddi
boşluqlar mövcuddur və bu boşluqlar illərdir ki, doldurulmamış qalır.
Halbuki, özünə, öz bacarığına güvənən, özünə
hörmət edən, ölkə başçısının ona göstərdiyi etimada layiq olmağa çalışan hər
bir məmur gördüyü işin nəticəsinə yaxşı və ya pis olmasından asılı olmayaraq
sahib çıxmağı bacarmalıdır. Bütün nazirliklərin fəaliyyətini sadəcə bir şəxsin
adına çıxmaq hakimiyyəti tək kərpicdən ibarət piramidaya bənzətmək deməkdir.
Halbuki, prezident sadəcə bu piramidanın başında dayanan şəxsdir və bu
piramidanı təşkil edən hər bir kərpic onun mövcudluğundan vacib və əvəzolunmazdır.
Və istənilən piramidanın gözəlliyi hər bir kərpicin öz yerində olmasıdır.
Seymur Əliyev
e-mail: [email protected]