Azərbaycanın orta məktəb dərsliklərində Türkiyə və digər ölkələrin hərb tarixinə məxsus qəhrəmanlıq epizodlarının yer alması bəzi elm adamları (moderator.az/?xeber=60711)
və hərbi ekspertlər kimi (moderator.az/?xeber=60716) millət vəkilləri
tərəfindən də etirazla qarşılanmaqdadır. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bu
cür halların yolverilməz olduğunu qeyd etdi:
“Azərbaycanın hərb tarixi elə də zəngin deyil. Biz uzun müddət imperiya əsarətində yaşamışıq. Müstəqillik
dönəmindəki hərb tariximiz isə 1918-ci ildə Qafqaz İslam Ordusunun əməliyyatları
ilə bağlıdır. Qarabağ savaşı dövründə də müəyyən qəhrəmanlıq epizodları baş
verib. Bütövlükdə isə Azərbaycanın hərb tarixi o qədər də böyük bir zamanı əhatə
eləmir. Sovet dönəmində Azərbaycanın sovet qoşunları tərkibində hansısa müharibə
və əməliyyatlarda iştirakı bütövlükdə Azərbaycanın hərb tarixi kimi dəyərləndirilə
bilməz. Lakin biz heç bir halda plagiatlığa getməməliyik. Fərqli bir yol seçilməlidir.
Bu yol da ondan ibarətdir ki, biz yalnız olanları qeyd etməliyik. Azərbaycanın
hərb tarixində təbliğ olunması gərəkən qəhrəmanlıqlardan biri Nuru paşanın fəaliyyəti,
döyüş yoludur. Bakının işğaldan azad edilməsi Azərbaycan hərb tarixinin ən şərəfli
səhifəsidir. Bu düşüncə, bu zehniyyət geniş formalaşmadığı üçün buna layiqli
qiymətini verə bilmirik. Bu baxımdan hesab edirəm ki, plagiata ehtiyac yoxdur.
Türkiyə tarixinə məxsus olan epizodu türk hərb tarixində baş verən bir hadisə
kimi ver, qoy insanlar bundan nümunə götürsünlər. Bunu əsassız yerə Azərbaycanla
əlaqələndirməyə ehtiyac yoxdur. Çünki daha sonra bunun əsassız olaraq Azərbaycanla
əlaqələndirilməsi meydana çıxanda, o zaman məyusedici bir ovqat yaranır ki, belə
bir ovqat yaratmağa ehtiyac yoxdur. Hərb tariximizi, keçmişimizi insanlara uydurma,
fantaziyalarla çatdırmaqdan böyük yanlışlıq yoxdur. Çünki insan yanlış üzərində
böyüyəndə onda tarixi şüur doğru formalaşmır. Bizim də mübariə apardığımız
budur ki, doğru tarixi şüurun formalaşması üçün daha obyektiv tarix anlayışına
sahib olaq”.
Seymur Əliyev