Azərbaycanda orta məktəb dərsliklərindəki qüsur və
çatışmazlıqlar haqqında zaman-zaman tənqidi fikirlər səsləndirilib. Bu
çatışmalıqlardan biri də Qarabağ müharibəsi ilə bağlı məqalələrdə bəzən oğurluq
qəhrəmanlıq epizodlarının yer almasıdır. Nə qədər məyusedici və acınacaqlı da
olsa, bu gün bəzi orta məktəb dərsliklərində Qarabağ savaşına aidiyyatı olmayan
bu cür qəhrəmanlıq epizodları var ki, həmin epiodları sözün həqiqi mənasında
Qarabağ savaşına vurulan yamaq kimi xarakterizə etmək olar. Bu cür
“yamaqlardan” biri də orta məktəbin 5-ci sinif şagirdləri üçün nəzərdə tutulan
Azərbaycan dili kitabındakı “Bilirdim ki, gələcəksən” məqaləsidir. Adıçəkilən dərsliyin
80-ci səhifəsində yer alan bu məqalədə Türkiyənin istiqlal savaşında baş verən
dünyaca məşhur bir olay təsvir olunub. Hekayənin qısa məğzi aşağıdakı kimidir.
Döyüşlərin birində bir türk əsgəri öz əsgər dostunun düşmən gülləsindən
yaralandığı və yerə yıxıldığını görür. Əsgər dostuna kömək etmək üçün sipərdən
çıxmağa cəhd etsə də, komandiri onu dayandırır və bildirir ki, düşmən güllə-baranının
davam etdiyi bu dəqiqələrdə sipərdən çıxmaq aşkar intihar demək olacaq. Habelə,
komandir əsgəri inandırır ki, artıq güllə yarası alan dostunu xilas etmək üçün
çox gecdir və onun həyatını xilas etmək üçün mənasız risk etmək məntiqli deyil.
Lakin əsgər komandirin bu çağırışına əhəmiyyət vermir və israrla dostuna kömək
etmək üçün icazə istəyir. Əsgərin israrlı çağırışlarından sonra komandir hirs və
qəzəb qarışıq razılıq hissi illə əsgərə getməyə icazə verir. Əsgər anidən özünü
sipərdən çölə atır. Güllə yağışı altında yaralı əsgər yoldaşına yetişən əsgər
onu çiyninə alaraq yenidən sipərə qayıdır. Lakin səngərə yetişəndə yaralı əsgərin
öldüyü məlum olur. Gördüyü mənzərədən daha da qəzəblənən komandir üzünü əmri
dinləməyən əsgərə tutaraq “sənə dəyməz demişdim, gör getməyinin bir xeyri oldu”
deyə səslənir. Birdən göz yaşlarını tuta bilməyən əsgər deyir: “Dəydi,
komandir, dəydi. Mən ona yetişəndə o hələ sağ idi. Onun son sözlərini eşitmək mənim
üçün dünyaya dəyərdi. Onun son sözləri bu oldu: “gələcəyini bilirdim”.
Məlumat üçün qeyd edək ki, Çanakqala savaşı zamanı baş verən
bu tarixi olay Türkiyədə yüzlərlə əsər, audio və video materialarda türk hərb
tarixinin örnək nümunələrindın biri kimi istifadə olunub. Məlum haqdisə Nazlı
Saraç Orak (//www.izlesene.com/video/nazli-sarac-orak-gelecegini-biliyordum/7431683 ), Ömər Koroğlu //www.zapkolik.com/video/omer-koroglu-gelecegini-biliyordum-783102 və digər onlarla məşhur tərəfindən səsləndirilib.
Bir sözlə, türk hərb tarixinin çoxsaylı unudulmaz
epizodlarındna olan bu hadisə Türkiyənin ədəbi-mədəni və tarixi əsərlərində,
hekayə və məqalələrində, hərb musiqisində özünə yer tutub. Bütün bunlar bir
daha göstərir ki, qəlibləşən və türk milli kimliyinin, türk mübarizliyinin,
türk qəhrəmanlığının simvoluna çevrilən bu olayın birdən-birə dərsliklərdə
Qarabağ savaşında baş verən bir hadisə kimi təqdim edilməsi ən azından əxlaqi-mənəvi
baxımdan düzgün hesab edilə bilməz. Əksinə, məsələyə daha sərt və obyektiv
yanaşsaq, baş verənləri plagiatlıq kimi də dəyərləndirmək mümkündür. Halbuki,
Azərbaycanın kifayət qədər zəngin hərb tarixi var ki, dərsliklərdə bu hərb
tarixinin, onun ayrı-ayrı qəhrəmanlarının təbliği mümkündür. Istər I, istər II
Dünya müharibələrində, Qarabağ savaşında azərbaycanlı sərkərdələrin iştirakı ilə
baş verən kifayət qədər qəhrəmanlıq epizodları var ki, bu epizodlar xalqımızın
cəsarət və döyüş qüdrəti haqqında heç də az şey demir. Lakin təəssüflər olsun
ki, bu gün bəzi dərsliklərdə xalqımızın hərb tarixində həqiqətən də baş verən qəhrəmanlıq
epizodları deyil, Azərbaycan hərb tarixi ilə heç bir əlaqəsi olmayan epizodlar
yer tutur ki, bu da arzuedilən deyil.
Moderator.az saytı və "Hüriyyət" qəzetinə açıqlama
verən Azərbaycan xalqının tanınmış ziyalısı, tarixçi
alim, professor Cəmil Həsənli Azərbaycan tarixinin qəhrəmanlıq baxımındna zəngin
olduğunu vurğuladı. C.Həsənlinin qənaətincə, bu zənginliyin dərsliklərdə yer
almaması dərsliklərin qeyri-peşəkarlar tərəfindən ahzırlanması ilə bağlıdır:
“Azərbaycanın hərb tarixi, qəhrəmanlıq
tarixi bərbad deyil. Dərsliklər bərbaddır. O dərslilərin böyük bir
hissəsi yararlı deyil. Hətta bəzi hallarda ziyanlı xarakter daşıyır. Dərslik
hazırlamaq xüsusi bir istedad və qabiliyyət tələb edir. Bunun üçün çox böyük təcrübə
lazımdır. Təəssüflər olsun ki, bir çox hallarda lazımi parametrlərə cavab
vermir. Sovet dövründə dərsliklər, xüsusilə də humanitar elmlərlə bağlı dərsliklər
Moskvada hazırlanır, daha sonra tərcümə olunurdu. Ideoloji məqamları çıxmaq şərtilə,
o dərsliklər yüksək keyfiyyətli dərsliklər idi. Lakin indi o dərslikləri bizlər,
Azərbaycanın öz mütəxəssisləri hazırlamalıdır. Burada uşağın yaş xüsusiyyətləri,
mövzunun təqdimat forması, tarixi ardıcıllıq və s. nəzərə alınmalıdır. Azərbaycanda
isə nəzərə alınmır. Bəzən tarixi, dili yaxşı bilməyən adamlar tərəfindən
hazırlanır. Buna görə də kobud səhvləyə yol verilir”.
Seymur Əliyev