Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Qazaxıstan mətbuatının Azərbaycanda yanacağın ixracına qoyulan məhdudiyyət barədə yaydığı xəbərləri təkzib edib.
"Report"un məlumatına görə, bunu SOCAR prezidenti bu gün Bakıda işə
başlayan II ARDNŞ-in Neft-qaz emalı və Neft-kimya Kompleksi Forumunda
jurnalistlərə açıqlamasında bildirib.
Eyni zamanda şirkət başçısı vurğulayıb ki, Qazaxıstan tərəfi benzinin alınması
üçün bazar şəraitinə uyğun sərfəli qiymət təklifi ilə Azərbaycana müraciət edərsə,
Azərbaycan Dövlət Neft Şirkəri bu təkliflərə baxmağa hazırdır.
Hazırda Azərbaycanın faktiki olaraq benzin ixrac etmədiyini qeyd edən
R.Abdullayev Qazaxıstanın müraciəti əsasında bunun təşkilini mümkün sayır:
"Taparıq, düzəldib satarıq".
Qeyd edək ki, bir müddət əvvəl Qazaxıstanın energetika nazirinin müavini
Uzakbay Karabalin qeyd edib ki, "KazMunayQaz" Milli Şirkəti ölkədə
yanacaq-sürtgü materialları (YSM) çatışmazlığını aradan qaldırmaq üçün Azərbaycan
və Türkmənistandan benzin idxalı imkanlarını nəzərdən keçirir. "Bazarı YSM
ilə təmin etmək üçün öz zərərinə olsa belə Qazaxıstan bazarı üçün YSM idxalının
təşkili qərara alınıb. Bir çox şirkətlərlə danışıqlar aparılıb və hazırda 69
min ton benzinin idxal olunması haqqında razılıq əldə olunub", - deyə
nazir müavini vurğulayıb.