Moderator.az tanınmış şair-publisist Nurəddin İsmayılın yeni şeirini oxuculara təqdim edir.
Çiçəkləri, yarpaqları
şehləndirən,
Sübhün bəyaz yeliylə
ruhumuzu mehləndirən,
İçində gecənin dərdini yaşıyan,
gecə yükünü gündüzə
daşıyan,
Bizi sabaha səslləndirən,
şeh salıb təbiəti süsləndirən,
üzümüzə açılan səhərlər
gözəl.
Qara hörükləri ay üzünü örtən,
Baş daşları kimi
qara-qara kölgəli üzünü
torpağa sürtən,
Gündüzdən can alıb
səhərlərə can verən,
Büsal həsrətilə çırpınan
aşiqlərə ilham verən,
sirli-sehrli gecələr gözəl.
Nuru, qaranlıqları yarıb
gələn,
Atəşini, alovunu
qoynuna sarıb gələn,
Üzü buz bağlamış sulara
oyuq açan,
Doğduqca aləmə işıq saçan,
Aranını yaylağına çəkdirən,
susamışa buz suları içdirən.
gün üzlü gündüzlər gözəl.
Ay da gözəl, Gün də gözəl,
Günün, Ay həsrəti ilə
saralıb solması,
Ayın, Günə boylana
qalması
gözəl.
İçində ay boğulan,
qış yatıb, yay doğulan,
Axdıqca durulan,
torpaq adlı gözələ
vurulan,
Üzünə küləklər sığal çəkən,
dağlardan kaarvanını çəkən,
lilli, durulu sular gözəl.
Bağrında min-min can
yatan,
Suyu, günəşi, havanı
içinə qatan,
Bərəkətli nemətlər bitirən,
palçığından Adəmi yetirən,
Məkkənin, Mədinənin
binasının çatıldığı,
Üstündə üç rəngli,
bayrağımın uçaldığı,
baş qoyduğum torpaq gözəl.
Hər şey, vallah, hər şey gözəl!
Lap əvvəli, Allah gözəl.
Gözlər, şirin-şirin sözlər
gözəl,
Gözəli, gözəllikləri görən
gözlər gözəl!
Qədrini bilsən,
Allah yaradan hər şey gözəl!
Nurəddin İsmayıl
2 noyabr 2014