İnsan varlığının fiziki mövcudluğu onun maddi təlabatlarının
qarşılığında özünü göstərir. İnsan sosial, siyasi və ictimai varlıqdır. Onun rifahı cəmiyyətin bütün sahələrində münasibətlərinin fövqündə dayanır. Maddi rifah-mənəvi rahatlıq və yaxud siyasi vəziyyətin qənaətbəxş olmasıyla da ölçülmür. Baxmayaraq ki, bu sahələrin hər biri digərindən fərqlənsələr də yenə biri birilə sıx əlaqəlidirlər. Yəni, insanlar mənəvi ehtiyaclarına heç də maddi ehtiyaclarından daha az asılı deyillər. Bütün ziddiyyətlərin başında xüsisiyyətçiliyin
( fərdiyyətçilik) ifrat dərəcədə inkişafı dayanır. Cəmiyyət belə hallarda sarısılır.
Bəhs edəcəyim məsələyə uzun-uzadı şərh vermək istəmirəm,
amma xalqın oğlu kimi ümumi xoşbəxtlik naminə fikirlərimi hər kəsə çatdırmağı
özümə borc bilirəm. Doğrudur, xalqın adından danışmaq hüququm yoxdur. Yalnız müraciət etmək hüququm var. Təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə təqdim edilən fikirlərdən
nəticə çıxarmaq əvəzinə, çağırışlara təxribat damğası vurmağa çalışırlar. Bu
yolla guya ki, insanların ağzını bağlayıb sabitlik yaradırlar. Halbuki cəmiyyəti
və dövləti məhvə aparan ən böyük səbəb elə həqiqi vəziyyətin gizlədilməsidir. Həqiqi
vəziyyəti gizlədib ört-basdır etmək xalqa, dövlətə və sizə etimad göstərən şəxsə
xəyanət etməkdir. Xəyanət isə heç vaxt gizli qalmır.
Bütün dünyada bizi qınaq obyektinə çevirən rüşvət və
korrupsiya zəhərindən qurtulmaq, yaşıllıqları ölü şəxsi təsərrüfatımıza qurban
etmək, dəfələrlə xalqın qarşısında barmaq silkələyən prezidentin tapşırıqlarına
əhəmiyyət verməmək xəyanət deyilmi?
İnsan nə qədər cılızlaşar ki, milli təsərrüfatın
bütün sahələrini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə inhisara alsın?
Məmur və qulluqçu üçün bundan daha böyük utanc varmı? Məni cılızlaşdıran o nəfsi
özümü asıb bədənimlə birgə məhv edərdim. İnsanların simasındakı vəhşiliyi,
yazıqlığı, düşkünlüyü, rəzilliyi, çarəsizliyi görə bilirsinizmi? Yəqin ki, yox,
çünki yalan - gündəlik həyatınız, xəyanət- işiniz, vicdansızlıq və ədalətsizlik
isə təfəkkürünüzün hökmdarıdir!
Bəli, dövlət xalqın tərbiyyəsi ilə - mətbuat, televiziya,
incəsənət, ədəbiyyat, elm və s. vasitələrlə ciddi məşğul olmalıdır. Amma özündə olmayanı kimsəyə vermək mümkün
deyil. Odur ki, varını verən əsirgəməz. Nə var onu da verirsiniz. Dəbə gətirdiyiniz keyfiyyətlər heç kəsin şəxsi
həyatından yan keçməyib. Əgər hər kəs öz içinə və ətrafına yaxşı nəzər yetirsə
nədən bəhs etdiyimi lazımınca anlaya bilər.
Məgər ailə izdivaclarının davamsızlığı, övladlarınızın
özbaşnalığı, cinayətlərin artması, bədəninizin zəhərindən törəyən ankoloji xəstəliklər
hansınızın həyatından yan keçir? Nə bağışlamağı bacarırsınız, nə də sevməyi.
İndi bəşəriyyət canlı- batini boş, dərin qaranlıq və ruhsuz varlıqları
xatırladan cəmiyyət anlayışından aləmlər (insanlar aləmi) anlayışına
inteqrasiya edir. Bütün bunlar nəticə etibarilə İŞİD terrorundan heç də az təsirli
deyil. Amma onu da bilməliyik ki, insanın yaradılış məqsədi bu mənzərədən (əlamətlərdən)
xeyli fərqlidir. Dünya durduqca
bu gerçəklik yaşanacaq. Ya kənar zalım barmağı ilə, ya da təbii fəlakətlərlə UCA YARADAN məsələyə hər zaman müdaxilə etmişdir.
Çünki ALLAH bir zalım qövmü digər zalım qövmün əli ilə də cəzalandırır.
Bu günə qədər içimdə insanlığa (hər birinizə) olan
sevgini müxtəlif təkliflər etməklə söndürməyə çalışmışam. Amma görürəm ki, nikbinlik
üçün artıq çox gecdir. Biz gələcəyi
ünvanından aslı olmayaraq bəla istəyirik, onu da alacağıq.
Odur ki, daha qanunun aliliyini gözləməyə, ədalətə, düzlüyə çağırış etmirəm, bundan snora
əgər bacarsanız həyatınızda yaşayıb hiss edəcəyiniz hər bir hadisəyə
sentimental yanaşaraq nəticə çıxarmağa çalışın ki, bəlkə peşmançılıq hissi ruhumuzu xilas etsin.
Vətənimiz başdan-başa
qızıla qərq olsa belə azadlıq və xoşbəxtlik onun batinində ya zahirində
tapılmaz. Əgər heç bir nəticə hasil edə bilməsək, yaşayışımızdan zövq almayacaq, çəkdiyimiz əziyyət və bəlaların səbəblərini
anlamadan dünyadan küt və rəzil olaraq köçəcəyik.