2015-ci ilin dövlət büdcəsində elmə ayrılan vəsaitin həcminin cari illə müqayisədə 4 milyon manat az olması bir çox elm xadimi, habelə iqtisadçı ekspertlər tərəfindən ciddi narahatlıqla qarşılanmaqdadır. Hərbi büdcənin, həmçinin digər sahələrə ayrılan vəsaitin sürətlə artırılması fonunda elmə ayrılan vəsaitin azaldılması nə dərəcədə məntiqlidir? Elmə bu cür yanaşma onun gələcək və perspektivi baxımından nə vəd edir?
Bununla
bağlı Moderator.az-a açıqlama verən tanınmış iqtisadçı ekspert Məhəmməd Talıblı
elmə ayrılan vəsaitin ürəkaçan olmadığını vurğuladı:
“Növbəti
ilin dövlət büdcəsində elmə ayrılan xərclər cəmisi 142 milyon manat təşkil edəcək.
Bunun az və ya çox olmasını 4 milyon manat azalması və ya
artması ilə də əlaqələndirmirəm. Hərçəndi ki, strateji sahə olan elm xərclərinin
azalması özlüyündə pozitiv hal deyil. Amma ona da rəğmən bu məbləğlə elmin
qarşısına qoyduğu hədəflərə çata bilərmi? Xarici ölkə təcrübələrinə istinad etsək,
mənzərə aydın olar. Bizdəki elmə ayrılan xərclər ÜDM-in 1%-də deyil.Konkret desək,
0,8% həddindədir. Halbuki, dünyada elm xərclərinin ÜDM-də az olan ölkələrindən
biri İsveçdə elə 1% civarındadır. Dünyanın inkişaf etmiş ölkələrində bu hədd
ÜDM-in 2-5% arasında dəyişir. Əgər hər hansı bir ölkədə elm xərcləri ÜDM-in
1-2% arasında dəyişirsə, artıq bununla bağlı ciddi narahatçılıqlara başlanılır
ki, elmin yaxın və uzaq dövrü üçün perspektivlər ürəkaçan olmayacaq. Bizdə isə
büdcə gəlirləri bu xərc maddəsini artırmağı tamamailə mümkün edir. Sadəcə, bununla bağlı
elm ehtiyaclarını əsaslandırıb parlamentdən analoji büdcəni tələb etmək lazımdır”.
Seymur
Əliyev