Dedim, oğlan ayıq ol,
alacaq qoynuna,
siyasət səni heydən
salacaq.
Dedin, pozma kefin,
şahsevənəm, dövran mənə
hər dəm xoş olacaq.
Dedim, salma meylin
çay gətirən almalara,
gün gələr çaylar kəsilər.
Dedin, arxayınam
neftimizdən hər qapıya
bir pay kəsilər.
Dedim, haqqını tələb eylə,
yem olma sən başın üstə
at oynadan haqsızlara.
Dedin, öyrəncəliyəm,
haqqım halal olsun,
qarınpalaq arsızlara.
Dedim, a kişi, baş əymə sən
zalımlara,
zalım səni qulaqlayıb
məngirləyər,
Dedin, itaətkar
zavallıyam,
kim istərsə tutub məni
zəncirləyər.
Dedim, insaf eylə
tüpürmə sən parça ilə
azadlığın gül üzünə,
Dedin, mənim yolum
kölə yolu,
düşmərəm azadlığın
görünməyən izünə.
Dedim, oğlan, qəddinə bax
qəddin sənin
Işləməkdən donqarlanıb,
Dedin, şükürlüyəm
adam var ki, ətin töküb
sümüyünədək yonqarlanıb.
Dedim, mən görəndə
ətli qanlı bir adamdın,
nədən indi boynyn nazik
qıl kimidir.
Dedin, nə etməli bu ölkədə
hamı şaha qul kimidir.
Dedim, boş-boşuna
çəpikləri az eylə sən
sinəni də yırtma kişi,
Dedin, sinə vurmaq
köhnə peşəm, vərdişim.
Dedim, səs vermə sən
parlamanda mürgüləyən
haramzada deputatlara.
Dedin, inandım mən vədə
xilaf
üzü dönük diktatlara.
Dedim, neçə vaxtdır
düşmür yolun
bahlaşan bazarlara,
Dedin, öz əməlimdir salan
məni
qarın dolu azarlara.
Dedim, oğul bala,
oyanmaq gərək,
qəflət yuxusundan
Dedin, oyanmaram
asılmışam birə kimi
ətalətin yaxasından.
Dedim, elə isə sənin işin
qaldı
fələk oğlu fələyə,
Dedin, burası kələk yeri,
ayaq qoysa,
fələk özü düşər tələyə.
Nurəddin İsmayıl