Azərbaycan sevərlərlə Azərbaycanı istismar obyektinə çevirənlər arasında mücadilə davam etməkdədir. Nə qədər acı olsa da, bu mücadilənin hər iki qütbündə duran dini bir, dili bir və adət ənənəsi eyni qaynaqdan köklənən azərbaycanlılardır. Torpağı işğalda, qız-gəlini əsirlikdə və çiynində bir milyondan artıq qaçqın binəsiblərin tale yükünün daşındığı azərbaycanlılar.
Biz azərbaycanlılarıq.
Unutqan, tarixi yaddaşı korşalmış, ozü özünə qənim kəsilən və birinin var dövlət
hərisliyi digərinin vəhşi istismarı üzərində qurulan azərbaycanlılar. Burası əmin-amanlığın,
insan həyatı və azadlığının hər an təhdid altındna qaldığı yer. Bura zor, güc
atını ac-yalavaclar üstünə fınxırdan talançı, qarətçi çapqınlarla, zopası
başından əskik olmayan, öz vətənində adam yerinə qoyulmayan qaragün insanların
taleyin hökmü ilə bir yerdə yaşamağa məhkum olduğu yerdir və kəskin qütbləşmənin
yaşandığı bu yerin adı, sevənlərə candan əziz Azərbaycandır. “Mən fəxr edirəm
ki, azərbaycanlıyam”
Burası Azərbaycandır arkadaşlar
“Alimlər”, “şirləri” haq yolundan
dönənlər,
Oyanmayır cəhalətdən
çıraqları bir dəfəlik sönənlər.
“Dindarı”, cindarı var,
fitnəsilə iman evin qazdıran,
Saxta dilli zümrəsidir,
Istiqlal dastanını öz adına yazdıran.
Burada bir tərəf zülm etməyə
zalımlığa yönümlü,
Qarşı tərəf zülmə,
zülümkara dözümlü.
Biri qalmır arsızlığın
kef gətirən dəmindən,
Biri qəlyanını tüsdülədir,
əl götürmür, qəmindən.
Harınlıq tutub birinin
haqqa baxan gözünü,
Biri zillətdədir,
deyə bilmir haq sözünü.
Birinin şörüyüb-şonqurtduğu
bəxt aşığı onqadır,
İşləməkdən digərinin
bel sümüyü donqadır.
Hakimiyyət dəllalığı birinə
pul üstünə pul gətirən bazardır.
Şirin həyat digərinə
göz dağıdır, məzardır.
Mürüvvətsizlik atının çaparıdır birisi,
Təpərsizlik qapısının açarıdır o birisi.
Birisi ləzzətindən danışır
köz üstü bişən kababının,
Biri söhbətini salır
pəhrizliyin o dünyada səvabının.
Biri harınlığın, biri qarınlığın hayında,
Tək can olmaq yoxmuş demə,
millətimin qismətində, payında.
Biri səfil-divanə,
Biri haqqa biganə.
Biri”zəvvarıdır” pul-paralı yolların,
Biri qəmxarıdır haqqa gedən yolların.
Ləzzətini biri yaşayır şah xörəyinin,
Biri xiffətini çəkir arpa çörəyinin.
İtinin qabağında ət qalan sahib birisi,
Ətə həsrət qalan “zahid” o birisi.
Biri oğurladıb xalqın malın
məmurlara qapdırır,
Biri qorunmağa soyuğundan
qış adına yappa-təzək yapdırır.
Burada zər-zibanı qotazlayıb
geyən kim,
Bir həsiri Məmmədnəsir donluğu tək
geyən kim.
Kiminə altun qədəhlərdə
al şərablar daşınır,
Kiminin ac mədəsi
şor sulardan aşınır.
Sərvət birinindir, zillət digərinin,
Şöhrət birinindir, möhnət o birinin.
Bir tərəf sağ ikən
cənnəti ağçaya satın almışlar,
O biri tərəf bu dünyada
cəhənnəm oduna yanmışlar.
Sonyasının sarı sünbül qızıllardan
boyunbağı bağladığı birisi,
Tükəzbanı nişan-üzük həsrətilə
ağladığı o birisi.
Qəsri-qala qismətidir birinin,
var-dövləti ismətidir o birinin.
Biri qədim nağılların
Haykanuş timsallı Şəhrizadıdır,
Biri sərgərdan məcnunların
Leyli misallı qibləgahıdır.
Piltəsi quru yanır çoban çırağının,
Odu, od üstə qalanıb xan çilçırağının
Biri dəmə qoyub toxluq plovunu,
Birinin gəmirməkdir işi
aclıq cilovunu.
Birinin çadırlarda can verir,
əldən gedir uşağı,
Birinin küçələrdə sərxoş gəzir,
ələ gəlmir uşağı.
Birinə can çürütməkçün
qaranlıq zindandır azərbaycan,
Birinin at oynadıb
baş kəsdiyi meydandır Azərbaycan.
Burası Azərbaycandır Arkadaşlar.
Nurəddin İsmayıl