Moderator.az tanınmış şair-publisist Şəmsi Qocanın bir neçə şeirini oxuculara təqdim edir:
Axtarır
Yaxşı fürsət gəzir yaxşılıq üçün,
Yamanlıq eyləyən yaman axtarır.
Ara qarışdaran, su bulandıran,
Günəşli havada duman axtarır.
Namərd hökm eləyir, mərd olub qaçaq,
Rüşvət bazarında millət oyuncaq.
İş dara düşəndə nakişi, alçaq
Əyninə geyməyə tuman axtarır.
Nəslini abırlı zat bilən eşşək,
Yarğanı bir nazik çat bilən eşşək,
Qudurub, özünü at bilən eşşək,
Qanqalı bəyənmir, saman axtarır.
Töküblər cibinə şordan kərədən,
Yaltaq ilham alır bozdan, kürədən.
Ovçunun maralı keçib bərədən,
Oxu əldə qalıb, kaman axtarır.
Döydüm qapısını, oyan, qonşumuz.
Bir yol haqq önündə dayan, qonşumuz.
Yetmiş il şeytana uyan qonşumuz,
İndi həccə gedib iman axtarır.
Qarışıb, pozulub yenə əhvalı.
Talemi pay verib bu qeylü-qalı?
Düşübdü gözündən dünyanın malı.
Şəmsi bir dərdbilən insan axtarır.
Qara saz
Göyçənin saza, sözə vurğun oğlu Nizami Novruzova xitabən
Ay Nizami, sanma taxta parçası
Dərk edənə, şirin dildi, qara saz.
Ürəklərin döyüntüsü, naləsi,
Çəmənlərdə açan güldü, qara saz.
Xalçadakı ilmələrdi, naxışdı,
Qışda qardı, yazda gürşad yağışdı.
Bir gözəlin gözlərində baxışdı,
Dağ başında dərin göldü, qara saz.
Əlsəgərdi, Ədalətdi, çağlayır,
Gah uşaqdı, körpə kimi ağlayır.
Gah naləsi sinəmizi dağlayır,
Dağ çayıdı, dəli seldi, qara saz.
Dilləndimi, üzü gülər daşın da,
Piranidi, Dədəm Qorqud yaşında.
Nadanların, anlamazın başında
Toz ələyən qara yeldi, qara saz!
“Ruhani”di, “Kərəmi”di, özüdü
“Dilqəmi”di,Yəhya bəyin közüdü.
“İncəgülü” Avdı baba sözüdü,
“Müxəmməs”di, “Sarıtel”di, qara saz.
Tellərində min avaz var, qaymaqdı,
Şirin-şəkər beçə balı, quymaqdı.
Hər pərdəsi neçə qəlbə oymaqdı,
Tapılmayan dürrdü, ləldi, qara saz.
Borçalıdı, Ağbabadı, Arandı,
Naxçıvandı, Göyçə göldü, Şirvandı,
Ərzurumdu, Təbrizimdi, Şabrandı,
Turan boyda ağır eldi, qara saz.
Bax özünə, o bir təmiz aynadı,
Damarımda coşdu qanım, qaynadı,
“Kərəmi”yə bir dilbilməz oynadı,
Şəmsi Qoca, qoyma, öldü, qara saz!
Üzə duranlar
Çoxalıb yamanca üzə duranlar,
Üzə duranların üzü qızarmır,
Odu ki,bin qaçıb, bərəkət qaçıb,
Ocağı kül basıb,közü qızarmır.
Kiminsə evini yıxmaq sadəcə,
Bir təzə paltarın dəbi kimidi.
Üzə duranların ilham pərisi,
Məclisdə aşığın təbi kimdi.
Haqqı da yaxşıdı üzə durmağın,
Qardaşın qardaşa yazığı gəlmir.
Yetər işarəsi bircə barmağın,
Bir başın yüz başa yazığı gəlmir.
Qəfəsin çölündə ilan danışır,
Arabir and içir haqqa, Qurana.
Qırmızı, qırmızı yalan danışır,
Qəfəsin içində boyun burana.
Üzünə durulan alır”payını”,
Qıvrılır, qəlbinə neçə çat düşür.
Bu neçə ədalət məhkəməsidi,
Üzə duranlara mükafat düşür?
Qohumu satanlar, yadı satanlar,
Hərraca çıxarıb özünü satır.
Qeyrəti satanlar, arı satanlar,
Satır ocağını, közünü satır.
Adam axtarırlar üzə durmağa,
Çoxunun evindən top, tüfəng çıxır.
Dünən kişilikdən dəm vuran qoduq,
Bu gün məhkəmədə pəzəvəng çıxır.
Elə danışır ki, müstəntiq susur,
Bu boyda yalana hakim mat qalır.
Ay Allah, bu hansı ədalətdi ki,
Yalandan and içən salamat qalır?
Dili kəsilmişin dili uzundu,
Üstəlik mərdlikdən qəzəl oxuyur.
Namərdlik yoluyla aldığı pulun,
Çörəyi qan dadır, ölüm qoxuyur.
Hamını satıblar üzə duranlar
Üzünə durmağa tək Allah qalıb.
Yer qaçır, göy uçur hara gedirik,
Deyən qiyamətə bir sabah qalıb?
Bu iblis xisləti mələk üzlülər.
Tanrının səbrini yora bilərlər.
Pul verən tapılsa bəndə cəhənnəm.
Allahım üzünə dura bilərlər.
Mənim dilim
Qayaların sərt qəlpəsi,
Zirvələrin şəlaləsi.
Bəzən cəngi sədasıdır,
Bəzən yanıq ney naləsi
Mənim dilim...
Yaşıl çəmən, sıx meşədir,
Tarixlərə güzgü tutan,
Ayna kimi bir şüşədir.
Qar altından boy qaldıran
Ətir saçan bənövşədir,
Mənim dilim...
Qobustanda daşa dönmüş
Tarixləşən, insan ömrü,
Qanad açıb quşa dönmüş
Milyon illik cahan ömrü,
Bir bəşəri sərvətimdir,
Hünərimdir, qeyrətimdir,
Mənim dilim.
Dədəm Qorqud qopuzunda
Dilləndikcə cilalanan,
Neçə kərə dərdə düşən, odda qalan,
Yaddaşlardan silindikcə yadda qalan,
Ən kəsərli qılınclara meydan açan
Mənim dilim...
Yağılara baş əyməyən Qız qalası,
Naxçıvanda Əlincədir,
Savalanda Bəzz qalası.
Vətən üçün döyüşçüdür,
Millət üçün söz qalası-
Mənim dilim.
Nə yaxşı ki bu dünyanın
Dərbəndi var, Təbrizi var.
Nə yaxşı ki, Vətənimin
Bu dünyada öz sözü var.
Bu söz səndən gəlib keçir,
Bu söz məndən gəlib keçir.
Kəlmə-kəlmə mənim dilim.
Minbir xalı toxuyursan
İlmə- ilmə mənim dilim.
Sən anamın laylasısan,
Sən ruhumun mayasısan.
Səndən mənə candı gələn,
Səndən mənə qandı gələn.
Səni duyan vəcdə gəldi
Çox elədi heyrət, dilim,
Şərəf dilim, qeyrət dilim!
Ana dilim...
İnanma
Günlü günün ilğımında yol azma,
Hər gecənin röyasına inanma.
Sözgəzdirən, qəlbiqara gözəlin,
Üzündəki boyasına inanma.
Son məzarsa, demək dardı bu dünya,
Eşitməyir səni, kardı bu dünya.
Hiyləgərdi, riyakardı bu dünya
Hiyləsinə, riyasına inanma.
Bəlası var, bil, marıqda yatanın,
Bir əlində iki qarpız tutanın.
Qeyrətini qara pula satanın,
Zartıqırıq mayasına inanma.
Başlayıbdı öz-özümlə savaşım,
Fələk qoymur dərə keçim, dağ aşım.
Ay ürəyi gül ətirli qardaşım,
Abırsızın həyasına inanma.
Dağa söykən, bulud öpsün telini,
Gülə baş əy, şeh yalasın əlini.
Utandırıb çəmənlərin gülünü
Saman çöpü tayasına inanma.
Kişilərin
Həmid Ormanlıya məktub
Yamanca dəyişib dövran, ay Həmid
Seyrəlib sırası mərd kişilərin.
İndi qabağında çaqqal ulayır,
Pələng kişilərin, qurd kişilərin.
Əvvəlcə başından papağı getdi,
Sonra da zoğalı çomağı getdi.
Obası dağıldı, oymağı getdi,
Töküldü başından dərd kişilərin.
Yarısı hər axşam «Topaz»dan çıxır,
Yarsının çörəyi qapazdan çıxır.
Nə çıxsa həlləhüş loppazdan
Qatıbdı başını nərd kişilərin.
İşləri xod gedir bir parasının,
Araz parasının, Kür parasının.
Göy bütün birinin, Yer parasının
Ağlyır halına yurd kişilərin.
Arvadı gündə bir maşın dəyişir,
Uzadır kipriyin, qaşın dəyişir.
Bədənin dəyişir, yaşın dəyişir.
Oğlu arvad çıxır «sərt» kişilərin.
Qiyməti qalmayıb arın, qeyrətin,
Mən deyən tapılmaz, sən deyən çətin
Sahibi dəyişib indi qeybətin,
Çıxıb axırına mırt kişilərin.
Müxtəsər, ay qağa, sözümün canı,
Kimdi, pul olmasa sayan vicdanı?
Zənn elə, yaxşını, yamanı tanı,
Çıxanda cücəsi qırt kişilərin.
Baba
Allah sənə rəhmət eləsin, Baba Pünhan!
Məni bir gözləri badam aldadır,
Görünür naşıyam, yadam, aldadır,
İndiki küpələr adam aldadır,
Qızıl əvəzinə cin çıxır, Baba!
Bürüyür göyləri hey qara bulud,
Dad deyib dizinə döy, qara bulud,
Yer quru səhradı, göy qara bulud,
Düşünmə dalından gün çıxır, Baba!
Qan düşsə tez unut, araya baxma,
Yalandı, hər gələn haraya baxma,
Ümidlə baxdığın saraya baxma,
Saray dediyimiz hin çıxır, Baba!
İnsan ki, axtarır bir belə zinət,
Günbəgün saralır, solur təbiət,
Torpağın bağrından min cürə sərvət,
Adamın qəlbindən kin çıxır, Baba!
İşini tapşırıb gümana yatma!
Dağları vermişik dumana yatma!
Top- tüfəng tüşlanıb imana,yatma!
Hər evdən beş-altı din çıxır, Baba!
Aman gözləyirsən, aman nə gəzir!
Qız ”“gəlin lütlənib, tuman nə gəzir?
Ulağa verməyə saman nə gəzir?
Küləşin altından pin çıxır, Baba!
Namus kafelərdə, ar küçələrdə,
Oluruq günbəgün xar küçələrdə.
İlişib qalmışıq dar küçələrdə,
Sonuna çatmamış tin çıxır, Baba!
Qarabağ millətə üz qarasıdı,
Boşuna deyilən söz qara sudu.
Yuxumu qatmışam, iş burasıdı,
Qatdığım yuxular çin çıxır, Baba!
Qızlarım Aygün və Ayselə
Əlli keçib, əlli beşə az qalıb,
Məncə bir az çox yaşadım, qızlarım.
Çox haqsızın, haqq yeyənin yanında
Haqqı tapıb haqq yaşadım qızlarım.
Mən dəhnəmi tapşırmadım cuvara
Öz daşımı özüm qoydum divara,
Aldanmadım nə dövlətə, nə vara
Gözü, könlü tox yaşadım, qızlarım.
Ayım, günüm, suyum, selim sizsiniz
Bulaq kimi şirin dilim sizsiniz.
Görən gözüm, yazan əlim sizsiniz
Ona görə şax yaşadım, qızlarım!
Nilufəri, Leylası var könlümün,
Baldan şirin laylası var könlümün.
Bir şirin də xülyası var könlümün,
O xülyayla şux yaşadım, qızlarım!
Az da gördüm, çox da gördüm həyatda
Eyni çıxdı təzə tər də, boyat da
Əgər ölsəm doğulduğum saatda
Onda bilin, bax, yaşadım, qızlarım!
Tural ki var arxanızda dağ kimi,
O
durduqca məni sayın sağ kimi.
Salıb neçə bağ yaşadım, qızlarım!
Şəmsi Qoca qapısını döyərsiz
Məni ancaq məndən sonra öyərsiz.
Bir dərvişdi, gəldi, getdi, deyərsiz
Qaranı da ağ yaşadı, qızlarım!