Dizini qarnına yığıb
öz içində ölən
insan,
dur, burası
məzar deyil.
Ölmək istəyirsən
adam kimi öl,
ölüm sənin üçün
insanın
ucuzlaşdığı bazar deyil.
Bazar deyil
burası,
matahları baha
satıb
ucuz alasan.
Müştərisi Allah
olan ölümü
fırlayıb gözdən
salasan.
Uca tut ölümü,
ölüm haqqın
sorağı.
Ölümdür şərəflə yaşanan
həyatın
şölə saçan
çırağı.
Daş kimi
sallanma
sənə
ağlayacaqlar deyə,
ölümün gül
yaxasından.
Ölüm odur ki,
həsrətlə
boylansınlar arxasından.
At da, it də öləcək,
atın at, itin it
kimi ölməsi gərək,
Hərə bir cür
öləcək,
yaşamırsa adam
kimi,
adamın çatlayıb,
it kimi ölməsi gərək.
Bir daş altdan,
bir daş üstdən
qaldın iki daş
arasında
sıxıla-sıxıla.
Özün çuval
içində,
dünyanın çuval
yükü
sənin çiynində,
nə üzlə gedirsən
indi
ölümün üzünə
yıxıla-yıxıla.
Başı var, ayağı
var,
Dünyanın binadan
dağılmayan
dayağı var.
Nə düşünən baş,
nə kimsəyə dayaq
oldun.
Diriliyə sahib
durmadın,
gözəlim ölümə
yamaq oldun.
Qabığından çıx,
ilan kimi
süründüyün həyatın,
gör ki, insan
tək yaşamaq nədir,
Yaşaması da kişi
kimi
ölməsi də kişi
kimi,
Bil, insanın oz
əlindədir.
Nurəddin İsmayıl