Moderator.az yazı-pozu adamlarının, ədəbiyyatsız yaşaya bilməyən məmləkət insanının zövqünü oxşayan ədəbi seçmələri oxucularına təqdim etməyi özünün vəfa borcu hesab edir. Odur ki, tez-tez orijinal yazılarıyla insanı yerindən oynadan, onun sarı siminə toxunan qələm əhlinin saytımıza ərməğan etdiyi nümunələri böyük zövqlə oxucularımıza təqdim edirik.
Yenə də şair-publisist Nurəddin İsmayılın daha bir seçməsini Sizlərin diqqətinə ərz edirik:
"Ehtiyacsız olan,
kimsəyə möhtacı olmayan yalnız böyük Allahdır. Qalan hər bir varlığın
mövcudluğu bir-birindən qarşılıqlı olaraq faydalanmaq, bir-birinə möhtaclıq
nizamı ilə yaradılmışdır. Allah ən zəngin insana da, ən imkansız bəndəyə də
ehtiyac acısını dadızdırır ki, həddini bilsin və əldə etdiyi ilahi nemətlərdən
başını itirib özgələr üzərində təkəbbür satmasın. Bilsin ki, möhtac duyduğu Həcc ziyarəti kimi müqəddəs
borcunu yerinə yetirməzdən öncə yan-yörəsində aclıq çəkən ümmətinə yardımçı
olmağın faydası daha böyükdür. Bilsin ki, yaşamaq, mövcud olmaq, həyat sürmək
eşqi ilə yaradılan hər varlıq möhtaclıq içindədir. Oturduğun daş, üstündə qərar
tutduğun torpaq, içdiyin su, ciyərinə cəkdiyin təmiz hava, barındığın canlılar, ünsiyyət qurduğun həmkarın, soydaşın sənin onlarla nəcib rəftarının
möhtaclığını yaşayır. Bağçadan gül dərib yar-yoldaş ünvanına çatdırmaq
sənin ehtiyacın. Qurumasın deyə gül dibinə su tökmək gülün ehtiyaci. Təbiət
qoynunda dincəlmək sənin ehtiyacın, onu göz bəbəyi kimi qorumağın təbiətin
ehtiyacı. Haqqı demək sənin ehtiyacın, haqqı dedirtmək dilin ehtiyacı. Sevmək
sənin, sevilmək sevdiyinin ehtiyacı. Qurban kəsmək sənin ehtiyacın,
qurbanlıqdan qismətini almaq başqasının ehtiyacı. Vətəndə əmin-amanlıqla yaşamaq
sənin ehtiyacın, işğal altında can verən vətən torpaqlarını azad etmək vətənin
ehtiyacı. Və beləcə hər cür nemətlərlə zənginləşən dünyanın bir-birinə
möhtaclığını yaşayan bəndələrik biz...
Möhtaclıq
-Yer göyə, göy yerə möhtac,
-Bərəkətli bətni
bütün canlılara həyat verən
ana torpaq,
feyz aldığı günəşə, aya,
suya möhtac.
-Sular axdıqca
ona gözəllik gətirən
öz məcrasına,
-Sərin küləklər
lütfünü yetirməkçün
geniş səhrasına möhtac.
-Dostlar ilqarından dönməyən
dostluq vəfasına,
-Nazlı gözəllər aşiqlərin
sevgi yolunda çəkdiyi
məşuqluq cəfasına möhtac.
-Quzular yal-yamaclarda
mehdən titrəşən
gül qoxulu otlara, çəmənə,
-Eşq şərabından məst olan rindilər
dəli şeydalara, sənəmə möhtac.
-Göz, gəlişi ilə könüllər şad olan
yar-yoldaş üzünə baxmağa,
-Söz, can olmaq üçün
dustağı olduğu ağızdan
çıxmağa möhtac.
-Qərib yollar üz tutub getməyə
insan oğlu insana,
-Insan haqqın dərgahına yetməyə,
düz yola-ünvana möhtac.
-Mışıl-mışıl uyuyan körpələr
şirin yuxular gətirən
ana laylasına,
-Analar
şəhidlik zirvəsinə yüksələn,
hər gün yolunu gözlədiyi
balasına möhtac.
-Gül qönçədən çıxmağa,
-Bülbül ah -nalə qızıl qanın
gül üstünə yaxmağa möhtac.
-Əllər qələm tutub sözün
düzün yazmağa,
-Dillər danışdıqca həqiqətin qapısını
üzümüzə açmağa möhtac.
-Ruzisi daşdan çıxan kasıb evi
bir tikə halal çörəyə,
-Comərdlikdən uzaq olan xəsis birisi
kasıbdakı açıq ürəyə möhtac.
-Vətən düşmənlərdən sərhədlərinin
qorunmasına,
-Vətəndaşlar məhəbbətlə vətənin
ana qoynuna sığınmasına möhtac.
-Məzlum vuruşub zülmdən qurtulmağa,
-Zalım
zülmündən dönüb,
günün biri insan olmağa möhtac.
-Qadın həya hörüklü ismət çəpərinə,
-Ər onu qeyrətə səsləyən
kişilik təpərinə möhtac.
-Cəmiyyət ədalətlə idarə olunmağa,
-Hər kəs qanun qarşısında
itaətkar olmağa möhtac.
-Ağzı dualı möminlər salehlik yoluna,
-Könlü təmiz sufilər
zahidlik yoluna mohtac.
-Müttəhim hökmündə qərəzsiz hakimə,
-Hakim öz qərarında müstəqilliyə möhtac.
-Millət mədəniyyətə, insanlığa,
-Insanlıq bağrından qopduğu
İlahi-Yaradana möhtac.