Azadlıq problemi fərddən qaynaqlanır və fərdin özü ilə bağlıdır. Azadlıq xarici yox, daxili mənəvi problemdir. Ona görə də azadlıqdan qaçışın, azadlıqdan imtinanın, köləliyin səbəblərini həm də mənəviyyatda axtarmaq düzgün olar. Bunu nəzərə alaraq azadlığı ilk növbədə öz mənəvi aləmimizdə əldə etməliyik. Başqa sözlə, azadlığa ilk öncə özümüzdən başlamalıyıq. Özünü dəyişdirmək, özünə qarşı çıxmaq istər fəlsəfi, istərsə də əxlaq baxımından ən ciddi problemdir. Sokrat deyirdi: "Dünyani yerindən tərpətmək istəyən insan, ilk öncə özünü yerindən tərpətməyi bacarmalıdır". QURANİ-KƏRİMDƏ isə deyilir ki, "Bir qövm öz halını dəyişməyə cəhd etməsə, Mən onun halını dəyişmərəm." Bu baxımdan biz yalnız özümüzdən azad olduqdan sora başqalarından azad ola bilərik. İnsanın özünü şüurlu qurban verməsi həm onun azadlığı, həm də qəhrəmanlığıdır. Qəhrəmanlıq azadlığın zirvəsidir. Heyvanlar heç vaxt qəhrəman olmur. İnsan da özünə qurban tələb edəndə heyvana çevrilir, köləlik heyvani vəziyyətdir. Azadlığı itirmək qorxusu və azadlıq əldə etmək naminə qorxmazlıq nümayiş etdirən insanlar həqiqi azad insanlardır.
Məmmədəli Balayev