Moderator.az yazar Əbil Həsənovun daha bir hekayəsini oxuculara təqdim edir:
Hekayə
Səfiyar əminin evi kəndin gediş -gəliş gur
olan yerində yerləşirdi. O, bundan istifadə edib evinin həyətində balaca bir
dükan tikmək istəyirdi. Bu minvalla kişi əlaqədar idarələrdən lazım olan sənədləri
toplayıb dükanının tikintisinə başladı. Dükanı tikib lazım olan mallarla
doldurub yavaş-yavaş alverə girişmişdi ki, sahə müvəkkili Ramiz özünü yetirib Səfiyar
əmiyə polis “xeyir-dua”sı verərək:
-"Ağsaqqal, bəs məni niyə görmürsən"-dedi.
Səfiyar əmi isə ona:-"Səni niyə görməliyəm
ki? Kim lazım idisə onları görmüşəm. Bütün sənədlərim qaydasındadır"-
dedi.
Nə isə,
Ramiz çox dedi, Səfiyar əmi az eşitdi. Yazıq kişi hardan biləydi ki, sahə müvəkkili
onun başına hansı oyunlar gətirməyi planlaşdırıb. Bir neçə gündən sonra səhər
tezdən Səfiyar əmi tövləyə gedəndə şoka düşdü. Tövlədəki inəyinin birini yerində
görməyən kişi havalandı. Gecə inəyini oğurlamışdılar zavallının. Polis şöbəsinə
gedib sahə müvəkkili Ramizi axtarıb tapdı və inəyinin oğurlanmasını ona bildirdi.
Ramiz isə ona:
-"Ağsaqqal, sən gəl şikayət ərizəsi
yazma. Mən sənin inəyini tapacam. İnəyinin nə qədər qiyməti
olardı?"-dedi.Səfiyar əmi inəyinin təxmini qiymətini dedi. Sahə müvəkkili
onu arxayın etdi ki, tezliklə inəyini tapıb gətirəcək. Bir neçə gündən sonra
Ramizin maşını Səfiyar əminin dükanın qabağında dayandı. O, maşından düşüb Səfiyar
əmiyə salam verib içəri keçərək:
-"Səfiyar kişi, inəyini oğurlayanları
tapmışam. Onlar sənin inəyini satıblar. Mən pulunu alıb gətirmişəm"-deyib
cibindən bir qalıq pul çıxarıb saydı və Səfiyar əmiyə verdi:
“Səfiyar
kişi, bu da sənin inəyinin pulu, götür. Pulun üstündən isə əlli manat götürərək:
-"Bu da sənin dükanın şirinliyi"-
deyib hırıldaya-hırıldaya pulu cibinə basıb dükandan uzaqlaşdı. Səfiyar əmini
od götürdü :
-"İndi mən elə inəyi haradan alacağam.
Bilsəydim Ramizin əlli manatını verərdim"-deyərək heyfsləndi.