Jirnovskinin ardınca ölkəmizə səfər edən Rusiya Feredasiya Federal Şurasının sədri Valentina Matvienko Moskvanın Azərbaycanla bağlı planları haqqında maraqlı fikirlər səsləndirib. Kremlin Azərbaycana azuqə mənbəyi kimi baxdığı etiraf edən V.Matvienko, Qərbin sanksiyalarının acınacaqlı vəziyyətə saldığı Rusiyada ölkəmizin kənd təsərrüfatı məhsullarına ciddi ehtiyacın olduğunu təsdiqləyib. Matvienkonun açıqlamasından məlum olub ki, artıq rəsmi Bakı Rusiyanı lazımi məhsullarla “lazımi miqdarda” və “vaxtı-vaxtında” təmin etməklə bağlı konkret öhdəliklər də götürüb. Görünən odur ki, rəsmi Bakı Kremli Qərbin həmləsi önündə tək buraxmaq niyyətində deyil.
Şübhəsiz, Qərbin sanksiyaları fonunda Azərbaycan məhsullarının
Rusiya bazarına ixracının artırılması sırf iqtisadi maraqlar konteksində ölkəmizin
də mənafeyinə cavab verdiyi inkaredilməzdir. Istənilən halda daha çox ixrac
daha çox gəlir deməkdir ki, bunun da kənd təsərrüfatı sektorunun inkişafına
qısamüddətli də olsa təkan verəcəyi şübhəsizdir. Lakin kənd təsərrüfatı məhsullarının
Rusiyaya kütləvi ixracı ilə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliyin mənfi
cəhətləri də kifayət qədərdir ki, bunlardan da ən mühüm iritutumlu ixrac əməliyyatlarının
daxili bazarda ciddi qiymət artımı ilə müşahidə olunacağı ilə bağlıdır. Başqa
sözlə desək, rəsmi Bakı üzərinə düşən öhdəliyə əməl etmək üçün daxili bazar
üçün nəzərdə tutulan məhsulları belə Rusiyaya ixrac etmək məcburiyyətində
qalacaq ki, bu da məhsul qıtlığı fonunda qiymət artımını qaçılmaz edəcək.
Baş verənlər fonunda müşahidə edilən digər
arzuedilməz məqam isə Rusiyaya məhsul ixracının əhəmiyyətinin qədərindən artıq
qiymətləndirilməsi ilə bağlıdır. Rəsmi Bakının Rusiyaya yarınmaq cəhdini
ciddi-cəhdlə əsaslandırmağa çalışan bəzi siyasi və iqtisadçılar bunun kənd təsəttüfatında
inkişafa yol açacağı, iqtisadi-ticari həyatı bir qədər də canlandıracağını
iddia edir. Halbuki, Rusiyanın Azərbaycana möhtaclığının siyasi amillərdən, yəni
Qərbin sanksiyalarından qaynatlandığı hər kəsə bəllidir. Bu isə o deməkdir ki, mövcud
ixrac əməliyyatı hər hansı təbii-iqtisadi zərurətdən qaynaqlanmır. Yəni siyasi
amillər səbəbi ilə yaranan bu asılılıq siyasi gərginlik aradan qalxdıqdan sonra
avtomatik olaraq ortadan çıxacaq və iki ölkə arasında ixrac-idxal əməliyyatlarının
səviyyəsi əvvəlki həddini bərqərar edəcəkdir. Bununla da “qəfil inkişaf”
tormozlanacaqdır.
Bu gün isə vəziyyət fərqlidir. Bu gün Qərbin dalana
dirədiyi Rusiya öz ac sakinlərinin qarnını doyurmaq üçün Azərbaycan ərzağına
ehtiyac hiss edir. Bu gün Ukraynada öldürülən rus əsgərlərinin Rusiyadakı ailələri
yalnız övlad itkisi ilə deyil, həm də aclıq və səfalətlə sınağa çəkilir. Və
Kreml məhz səfalətin doğurduğu narazılığı aradan qaldırmaq, ölkə daxilində yeni
bir gərginliyə yol verməmək üçün nəyin bahasına olursa-olsun ərzaq qıtlığını
aradan qaldırmağa çalışır. Əslində Jirnovskinin də, Matvienkonun da Azərbaycan
və Azərbaycan hakimiyyəti haqqında səsləndirdiyi təriflərin, sevgi və sayqı
dolu sözlərin arxasında məhz bu zərurət dayanır.
Bəli, bu ilan məhəbbəti ilə eyniyyət təşkil edən
sırf, tipik rus sevgisidir. Bu elə bir sevgidir ki, yalnız ehtiyac öz varlığını
göstərən zaman zühur edir. Bu, elə bir sevgidir ki, onun ömrü sadəcə ehtiyacın
ömrü qədər olur. Və bu elə bir sevgidir ki, necə, nə qədər davam etməsindən
asılı olmayaraq onun sonunda hər zaman zəhər və ölüm dayanır.
Rusiya ilə münasibətdə bu həqiqətin unudulmaması zəruridir.
Əks təqdirdə, zərbə qaçınılmazdır. Çünki bu dünyada hələ heç kim ilan sevgisindən
xeyir görməyib.
Seymur Əliyev
e-mail: [email protected]