Bir müddət öncə ölkədəki özəl türk liseyləri bağlananda bir qrup müəllim və valideyn Milli Məclis qarşısında aksiya keçirmişdi və iclasdan çıxan millət vəkili, Ana Vətən partiyasının sədri Fəzail Ağamalı onları sakitləşdirməyə çalışarkən özü də etiraf etmişdi ki, onun da nəvələri həmin liseylərdə təhsil alıb və nəvələrini bundan sonra harada oxudacağı barədə qərar verməkdə çətinlik çəkir. Onun bu fikri ciddi rezonansa səbəb olaraq bir müddət gündəmdən düşməmişdi...
Moderator.az millət vəkili ilə əlaqə saxlayaraq nəvələrin oxuduqları məktəblə bağlı informasiya almaq istəyib. Millət vəkili deyib ki, artıq problem yoluna qoyulub:
“Nəvələrimdən ikisi artıq Xəzər Universiteti nəzdindəki “Dünya” Təhsil Kompleksində təhsilini davam etdirəcək. İkisi isə bu yaxınlarda Zərifə Əliyeva adına liseyin nəzdində köhnə sistemin müəyyən prinsiplərini saxlamaqla həmin yerə bərpa olundu. Belə qərara gəldik ki, ikisi də ora getsin. Əslində seçimi nəvələrim özlər etdilər və orda təhsillərini davam etdirməyə daha çox üstünlük verdilər. Təhsil xərcinə gəldikdə isə hər iki təhsil kompleksində təxminən eynidir, yəni illik 5-6 min manat civarındadır. Özümüz araşdırma apardıq ki, hər iki adını çəkdiyim təhsil ocaqları üstün təhsil sisteminə malikdir və orada kifayət qədər ciddi təlim-tərbiyə verilir. Hesab edirəm ki, türk liseylərinin üstün ənənələri saxlanılsa məncə heç bir problem olmaz.”