“Qranada” komandası ilə oyun “Barselona”nın hücumçusu Lionel Messi üçün əlamətdar olub.
AzərTAc xəbər verir ki, Argentina milli komandasının futbolçusu İspaniya La Liqasının 6-cı turunda keçirilən matçda yubiley ilə yadda qalıb.
Qarşılaşmanın 62-ci dəqiqəsində fərqlənən Messi karyerasında 400-cü qoluna sevinib. Bundan 20 dəqiqə sonra isə futbolçu oyunda komandasının 6-cı, özünün isə 2-ci topunu rəqib qapısından keçirib. Beləliklə, cənubi amerikalı forvard La Liqada 247-ci dəfə fərqlənib. Bu isə onu rəqib qapıçılarını 251 dəfə məyus edən Telmo Zarraya bir addım da yaxınlanşdırıb.
Qeyd edək ki, 4 dəfə “Qızıl top”un sahibi olan Messi karyerasında vurduğu 401 qolu 525 matçda rəqib qapısından keçirib. Bu toplardan 42-sini isə o, Argentina yığmasının heyətində vurub.