Moderator.az xəbər verir ki, sentyabrin 22-də Baş prokuror Zakir Qaralov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri xanım Ann Brasör ilə görüşüb.
Azərbaycan Respublikası ilə AŞPA arasında
əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verdiyini bildirən Baş prokuror ölkəmizin
məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində mütərəqqi
qanunvericilik aktlarının qəbul edilməsi, bu islahatlar çərçivəsində
prokurorluğun fəaliyyəti üçün normativ-hüquqi bazanın yaradılması, son illər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə
uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində mühüm qanunverici və
praktiki tədbirlərin həyata keçirilməsi, ölkə həyatının bütün sahələrində
şəffaflığın artırılmasına istiqamətlənmiş institusional islahatların aparılması
barədə ətraflı məlumat verib.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent
hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet
vəzifə olduğunu diqqətə çatdıran Baş prokuror, çıxışında respublikamızda İnsan
hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, insan hüquqlarının
qorunması istiqamətində aparılan işlər, o cümlədən “Azərbaycan Respublikasında
insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar
konkret işlərin həyata keçirildiyini xüsusi vurğulayıb.
AŞPA ilə Azərbaycan Respublikası arasında sıx
əməkdaşlıqdan və bu əlaqələrin daha da inkişaf etdirilməsindən məmnunluğunu
ifadə edən qonaq ölkəmizdə məhkəmə-hüquq sistemində həyata keçirilən
islahatları, xüsusilə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işləri
yüksək qiymətləndirdi.
Daha sonra tərəfləri maraqlandıran məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.