“Azyaşlı övladım bir neçə gün əvvəl binanın, uzun müddətdir ağzı açıq qalan 4 metr dərinlikdəki zirzəmisinə yıxlıb. Uşağın qolu, omba sümüyü sınıb. Həkimlər deyir, müalicəsi burada mümkün deyil. Bir neçə gün keçməsinə baxmayaraq, nə övladımla maraqlanan var, nə də zirzəminin ağzını bağlayan”.
Keçmiş
“Muray” MMC, indiki “Şərur” MTK-nın Yeni Yasamal qəsəbəsi, Məhəmməd Xiyabanı
küçəsi, 200 ünvanda inşa etdiyi binanın sakini Tələt Eyyub oğlu Qədirov,
Aktual.az-a danışarkən, bu fikirləri deyib. O, qeyd edib ki, müharibə
veteranıdır və bir neçə gün ərzində uşağının müalicəsinə 3 000 manat xərcləyib.
Xəsarət almış uşağın
valideyni-Tələt Qədirovun dediklərinin daha ətraflı videogörüntüsünü Sizə təqdim
edirik:
Binanın digər sakinləri də
şirkət rəhbərliyindən şikayət edirlər ki, artıq bir neçə vaxtdır yaşadıqları
bina, tam olaraq, təhvil verilmir. Dəfələrlə öz etirazlarını bildirsələr də, nə
qaz nə də yol problemləri öz həllini
tapmayıb:
“Yolumuz pis vəziyyətdədir.
Maşınla gedib-gəlmək mümkün deyil. Şirkət rəhbərliyi məsuliyyəti öz üzərindən
atır. Dəfələrlə yığışmışıq, etiraz
etmişik. Bir dəfə də olsun, şirkətin rəhbərliyi ilə görüşə bilməmişik. Su
pulunu bizdən kommersiya qiyməti ilə alırlar. İşıq sayğaclarını zirzəmidə bir
otağa yığıb, ağzını bağlayıblar, işıq pulunu öz istəklərinə uyğun alırlar bizdən.
Qaz sayğacları qoyulub, xətlər çəkilib, qaz verilmir binaya. Hər ay külli
miqdarda işıq pulu veririk. Kasıb adamlarıq. Nəyə görə bizi əsarət altında
saxlamalıdır şirkət rəhbərliyi?”
Vətəndaşlar qeyd edirlər ki, hər gün bina sakinləri ölümlə üzə-üzə gəlirlər. Bizim də qeydə aldığımız video və fotolardan görünür ki, gediş-gəliş üçün nəzərdə tutulan pilləkanlərin kənarı çox təhlükəli vəziyyətdədir. Yaşlı insanlar, uşaqlar buradan yıxılsalar, ən azı, sağlamlıqlarını itirməli olacaqlar.
Binada yaşayanların sözlərinə görə, şirkət rəhbərliyi etiraz edən sakinlər üçün xüsusi cəza tədbirləri müəyyən edib. Belə ki, kim “səsini çıxarır”sa, onun evinə elektrik enerjisinin verilişi dayandırılır. Sakinlərdən, mənzil haqqı kimi, aylıq olaraq, hər kvadrat metr üçün 0.3 AZN pul yığılır. Vətəndaşlar isə artıq bu pulu ödəməyəcəklərini deyirlər.
aktual.az