Prezident İlham Əliyevin ötən ilin 24 noyabr tarixində “RUH” Jurnalistləri Müdafiə Komitəsinin jurnalistlər arasında keçirilən sorğunun nəticəsinə əsasən “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi yəqin ki, çoxlarının yadındadır. Həmin tədbirdə çıxış edən ölkə başçısı medianın inkişafına bundan sonra da diqqətdə saxlayacağını qeyd etmiş, mətbuatın önəminə diqqət çəkmişdi.
Həmin görüş Azərbaycanda
mediaya olan münasibətin müsbət mənada dəyişəcəyinə müəyyən ümidlər yaratsa da,
bundan sonra baş verən proseslər bu gözləntilərin əsassız olduğunu təsdiqlədi.
Əksinə, məlum görüşdən sonra qəzet yayımı ilə bağlı meydana gələn problemlər ğz
həllini heç cür tapmaması, habelə bəzi jurnalistlərin ciddi təzyiq və təqiblərə
məruz qalması hadisələrin bütün proqnozların əksi istiqamətində cərəyan
etdiyini göstərdi. Son vaxtlar baş verən olaylar ”“ jurnalist Rauf Mirqədirovun
həbs edilməsi, “Ayna” qəzetinin öz fəaliyyətini dayandırması, jurnalist Üzeyir
Cəfərova yönəlik təhdidlərin davam etməsi, Pərviz Həşimlinin həbsxanadan
ünvanladığı saysız-hesabsız müraciətlərin cavabsız qalması, Seymur Həzinin
tutulması, Rauf Arifoğlunun məhkəməyə verilməsi və s. medianın durumunun sürətlə
pisləşdiyini isbatlamaqdadır.
Bəli, nə qədər arzuedilməz
olsa da bu gün Azərbaycanda sözün həqiqi mənasında prezidentin dostlarına divan
tutulması prosesi baş verir. Bu gün səsləndirdiyi tənqidi fikirlərə görə
jurnalistləri həm rəsmi, həm də qeyri-rəsmi yöntəmlərlə cəzalandırmağa
çalışırlar ki, bu da maihyyət etibarilə tənqidi medianın susdurulmasına
hesablanıb. Halbuki, hər bir ölkənin inkişafında tənqidi medianın rolu
inkaredilməzdir və bu mənada medianın susdurulmasına yönəlik addımları həm də dövlətin
inkişafına vurulan zərbə kimi dəyərləndirmək olar.
Baş verənlər fonunda diqqət
çəkən digər mühüm amil prezidentin medianın əhəmiyyəti və önəmi ilə bağlı səsləndirdiyi
fikirlərin məmur-oliqarx dairələri tərəfindən elə də ciddi qəbul edilməməsidir.
Hər halda, bu gün medianı məhşər ayağına çəkən dairələr medianın önəminə, habelə
prezidentin mediaya verdiyi qiymətə lazımınca əhəmiyyət versəydilər, bu gün
bunca problemlər meydana çıxmazdı. Hansı ki, bu gün Azərbaycan mediası və bu
sahədə çalışan insanların üzləşdiyi problemlər yetərincədir. Bu isə o deməkdir
ki, ya prezident-media dostluğunda lazımi səmimiyyət çatmır, ya da həqiqətən də
bəzi güclər media ilə münasibətdə ölkə başçısının fikirlərinə ehtiva etməyi
lazım bilmirlər. Çünki başqa cür prezidentin dostları ilə düşməncə
davranılmasını izah etmək mümkün deyil. Və yeri gəlmişkən, yəqin ki, dünyanın
heç bir ölkəsində kimsə prezidentin dostları ilə bu qədər aydın və açıq şəkildə
düşməncə davranmaq cəsarəti sərgiləyə bilmir. Və yəqin ki, dünyanın heç bir ölkəsində
prezident öz dostlarının əzablarını bu qədər təmkinlə seyr etmir.
...Hələlik mediaya yönəlik
təzyiqlərin nə vaxta qədər davam edəcəyi bəlli deyil. Bu gün üçün bəlli olan
yalnız bir həqiqət var: bəzən prezidentlə dost olmaq belə insanı etmədiyi
günahın cəzasından xilas etmir...
Seymur Əliyev
e-mail: [email protected]