Şair-publisist Heydər Oğuzun yeni yazdığı şeiri Moderator.az oxucularına təqdim edirik:
Qol
Güləş öyrənirsən, ey Nicat bala,
Kimisə yarışda devirmək üçün.
Hər gün güc verirsən biləyə, qola
Rəqibi döşəkdə çevirmək üçün.
Sanırsan ki, yəqin öyrəndiyin fənd
Güləşin ən gözəl incəliyidir.
Zəhmətlə, çox çətin öyrəndiyin fənd
İnsanı yıxmanın öncəliyidir.
Yalnız bir rəqibi döşəyə sıxar
Sənin min zəhmətlə şişirtdiyin qol.
Amma bax, millətin evini yıxar
Kiminsə kağıza çəkdiyi bir qol.
Qolundakı gücü gücmü bilirsən?
Xəbərin vardırmı mürəkkəb qoldan?
Adi bir imzanı heçmi bilirsən?
O qollar ayırır ağanı quldan.
Cızma-qara kimi, əyri xətt kimi
Baxma ki, o qollar gözə görünür,
Imzalar qaldırır göylərə kimi,
Kimlərsə imzayla yerdə sürünür.
Sənin ətdən qolun qoldurmu, oğul?
Dünyada ən güclü qoldur ”“ imzalar.
Neçə nər igidi devirən bir qol,
Xalqın taleyini yazar, imzalar.