Mili Məclisin Regional məsələlər komitəsinin sentyabrın 9-da keçirilən iclasında “Azərbaycanda bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Arif Rəhimzadə deyib ki, qanun layihəsinə əsasən ümumilikdə respublikanın 21 rayonu üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 bələdiyyənin yaradılması və 110 bələdiyyənin ləğv edilməsi nəzərdə tutulub:
”Qanun qüvvəyə mindikdən sonra ölkədə bələdiyyələrin
sayı 1717-dən 1607-yə enəcək”.
Belə təəssürat yaranır ki, bələdiyyə
institutu Azərbaycanda özünü doğrultmadığından
tezliklə onların yerini yeni yerli özünüidarəetmə mexanizmləri tutacaq. Təbii ki,
bələdiyyələr bütün sivil dünyanın qəbul etdiyi sınaqdan keçmiş uğurlu idarəetmə
sistemi olsa da yaradıldığından 15 il keçməsinə baxmayaraq Azərbaycanda bu
struktur hələ də icra hakimiyyətlərinin qapazaltısı olaraq qalır...
Ancaq İqtisadi və Sosial İnnovasiyalar
İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli fərqli düşünür və o bələdiyyələrin
sayının azalmasını nəinki faciə hesab etmir, əksinə, Moderator.az-a açıqlamasında bunu zəruri addım kimi
qiymətləndirir, amma:
“Azərbaycanda bələdiyyələrin sayı xeyli çox
olduğundan islahatlar konteksində onların
fəaliyyətinin səmərəliliyinin artırılmasının optimal yollarından biri də bələdiyyələrin
sayının yaradıcılıq tətbiq etməklə azaldılmasıdır. Bu baxımdan bələdiyyələrin
sayının azaldılması siyasətinin davam etdirilməsinə müsbət yanaşır və zəruri
hesab edirik.
Amma bu məsələ obyektiv monitorinqlər
aparılmaqla, islahatların tərkib hissəsi kimi həyata keçirilməlidir. Bəli,yalnız
islahatlar konteksində və yaradıcılıqla.... Ona görə ki, islahatları davam
etdirmədən bələdiyyələrin mexaniki surətdə birləşdirilməsi öz işini nümunəvi
quran bir sıra bələdiyyələrə münasibətdə müsbət nəticə verə bilsə də ümumilikdə
götürdükdə islahtları davam etdirmədən 3-4 bələdiyyənin birləşməsi sadəcə həmin
bələdiyyələrdə mövcud olmuş problemlərin də birləşməsindən uzağa gedə bilmir.
Ona görə də obyektiv monitorinqlər aparılmalı, bələdiyyələrdə mövcud olan
problemlər aşkarlanmalı, onların obyektiv və subyektiv səbəbləri və bələdiyyələrin
optimal ölçüləri müəyyənləşdirilməlidir. Bundan sonra bələdiyyələrin birləşməsi
istiqamətində lazımı addımlar atılmalıdır. Bununla yanaşı bələdiyyələrin
hüquqlarının artırılması istiqamətində real nəticə verə bilən islahatlar davam
etdirilməlidir. Bələdiyyələrin birləşdirildikdən sonra onların problemlərinin həlli
istiqamətində təsirli tədbirlər görülməli, onların səlahiyyətləri artırılmalı, bələdiyyələrlə
yerli icra hakimiyyəti strukturlarının səlahiyyətlərinin optimal nisbəti müəyyənləşdirilməli
və bələdiyyələrin maliyyə imkanları genişləndirilməli, bələdiyyələrə səriştəli,
seçildiyi bələdiyyə ərazisinin problemlərinə bələd və onun həlli yollarını bilən insanların seçilməsinə üstünlük verilməlidir.”