Azərbaycanın paytaxtında kəskin şəkildə oksigen qıtlığı var. Bakını bir neçə günlük də olsa, tərk edən hər kəs yəqin bu çatışmazlığı dərhal hiss edir. Tiflisdə, İstanbul kimi meqapolisdə olanda da bu fərq özünü göstərir, ucqar rayonlarımıza gedəndə də. Külək əsir, başımıza toz ələnir, yağış yağır əynimizdəki paltardan tutmuş, avtomobillərin üstünə qədər palçıq içində olur, nəfəs almaq da müşkül.
Hacıbala müəllimin
Bakısının illərdir bu qədər yüklənməsi fəlakətli vəziyyət yaradıb. Əslində Bakı
meri bu fəlakət barədə şəxsən özü “SOS” xəbərdarlığı etməliydi. Ən azı ona görə
ki, bizim udduğumuz havanın həm də onun sağlamlığına birbaşa aidiyatı var. Heç
olmasa özünü qorusun...
Ölkə əhalisinin 3
milyondan çoxunun yaşadığı şəhərdə kritik vəziyyət hökm sürür, sadəcə fərqində
deyilik. Atmosferdəki çirkliliyin faiz dərəcəsinin çoxluğu barədə xəbərdarlıqlar
etməli olan qurumlar, alimlər də indi dinmir. Bir müddət öncə akademik Nizami
Süleymanov da artıq çağırışların fayda vermədiyini görüb susmağa məcbur oldu.
Hansı ki, onun hesablamalarına görə, hər gün avtomobillər paytaxtın atmosferinə
70 min ton zəhər buraxır. Bu isə saatda təqribən 3 min ton, dəqiqə isə 50 ton zəhərli
tullantı deməkdir! Biz səhərdən-axşamadək zəhər uduruq. Ona görədir ki, ağır xəstələrin
sayı gün-gündən artır, İrana, Türkiyəyə, Gürcüstana dərdinə əlac artınca gedənlərimiz
çoxalır, apketlərin qabağındakı uzun növbələr kəsilmir.
Biz səhiyyəmizdəki
problemlərdən danışırıq. Ancaq dərdimizin dərmanını axtararkən bizi bu dərdə
mübtəla edən durum barədə düşünmürük. Ölkədə mövcud olan avtomobillərin təqribən
75 faizi Bakının payına düşür. Köhnə buraxılışlı avtomobillərin idxalı ilə
bağlı qadağalar vəziyyəti dəyişməyib. Hesablamalara görə, paytaxtda havanın
çirklənmə səviyyəsi bütün normalar üzrə 2-3, hətta 10 dəfə artıqdır. Belə yerdə
yaşamağın nə demək olduğunu yəqin çoxları bilir.
Gürcülər, ermənilər Kürə
zəhəri ilboyu axıdır, bu, bəllidir. Çaya axıdılan məişət tullantıları və sənaye
müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında
biogen maddələrin miqdarının normadan dəfələrlə artıqdır. Araz çayının da
başına ermənilərin gətirdiyi fəlakətlər çoxlarına bəllidir. Hətta o gün İran
belə Ermənistana Arazı çirkləndirdiyinə görə xəbərdarlıq etdi. Deyək ki, bunlar
düşmən işidir, bədnam qonşu bizim axırımıza çıxıb torpaqlarımıza sahib olmaq xəyalındadır.
Ancaq axı Bakı bizim
özümüzündür, nə olsun ki, 30 min erməni yaşayır, 3 milyonu ki, bu torpağın
sahibləridir, bizlərik. Nədən bu şəhəri poliqona, eksperiment loboratoriyasına
çevirmişik? Bakı bizimdir, ancaq onu yaşamalı hala gətirməliyik. Elə olsun ki,
paytaxtdakı nəhəng layihələr bu havasızlığın fonunda gözdən düşməsin.
Vəziyyəti müsbətə doğru dəyişmək
üçün paytaxtın köçürülməsinə ehtiyac var. Qoy balaca bir şəhərdən başlayaq,
ancaq bir neçə milyardlıq şəhər bizi növbəti fəlakətlərdən sığortalayardı. Hələ
də gec deyil. Nədən hər məsələdə ilkə - hətta idman yarışlarının keçirilməsində
- imza atmağı xoşlayan hakimiyyət paytaxtla bağlı bu ciddi addıma qərar verməsin?
Paytaxtın köçürülməsi gərəkdir, bəlkə reanimasiyaya. Əks təqdirdə özümüz
reanimasiyalıq olacağıq...
Bir yandan da
yaşıllıqların başına daş salmışıq. 1991-ci ildə bu şəhərdə adambaşına 21,1 kv.m
yaşıllıq düşürdü. İndi bu göstərici bəlkə də sıfıra enib. Yəni müstəqil olandan
yaşıllıqlara qənim olmağa başlamışıq. Az qala hər gün “ağac soyqırımı” haqda şəkilli
xəbərlər yayılır, ölkənin rəhbərliyi şəxsən bu məsələlərə müdaxilə edir, ancaq
sanki kimlərsə bu məmləkətin qəsdinə durub, elə bir ucdan kəsir, doğrayır,
Bakının ağciyərlərini qırıb yerində başdaşına bənzər binalar tikirlər. Əhali də
borca-xərcə girib bu evlərdən mənzil alır, yəni yaşamaq üçün. Ancaq kimsə
düşünmür ki, yaşamaq üçün ilk növbədə HAVA lazımdır.
Adətən, bizdə nəyisə kəskin
qıtlaşdırıb sonra baha qiymətə satırlar. Bəlkə ona görədir təmiz hava qəhətə çəkilib.
Ya bəlkə hava havayıdır deyə, onun başına bu oyunu açdılar? Bəlkə elə Bakının
havasını hansısa iş adamına, ya məmur-oliqarxa icarəyə verək, pulumuzla bizə təmiz
hava versin? Nə olar, şoranlaşmış torpağı, dəniz suyunu, mazutlu sahələri təmizlədikləri
kimi qoy havanı da təmizləsinlər. Sonra gec olacaq...
Elşad PAŞASOY