Baş Prokurorluğun mətbuat xidmətindən Moderator.az-a növbəti məlumat daxil olub.
Məlumatda deyilir:
Xəbər
verildiyi kimi, avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Seymur
Həziyevlə Bakı şəhər sakini Məhərrəm Həsənov arasında yaranmış mübahisə zamanı
xuliqanlıq hərəkətlərinə yol verilməsi faktı ilə bağlı Abşeron rayon Polis
Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah
qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə
cinayət işi başlanmış və S.Həziyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə
təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində
həbs qətimkan tədbiri seçilmişdir.
Aparılmış
istintaqla həmçinin Məhərrəm Həsənovun
aralarında yaranmış mübahisə
zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə
edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə
yol verməklə Seymur Həziyevi söyərək yumruqla vurub sonuncuya bədən xəsarətləri
yetirməsində əsaslı şübhələr müəyyən edildiyindən o, sentyabrın 3-də şübhəli şəxs
qismində tutularaq istintaqa cəlb olunmuşdur.
M.Həsənova Cinayət Məcəlləsinin 221.1-ci
(Xuliqanlıq) maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində rayon məhkəməsinin
qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda
iş üzrə istintaq davam etdirilir.