Bir neçə gündən sonra-sentyabrın 7-də tanınmış şair
Saday Şəkərlinin 55 yaşı tamam olur. Onu ad günü münasibətilə təbrik edir, son
zamanlar yazdığı bir neçə şeirini Moderator.az oxucularına çatdırırıq.
***
Qıymadım əlimdən düşə qəlbini,
sanırdım, bu ürək, can içindədi,
bircə yol sındırdım şüşə qəlbini,
hər gün ayaqlarım qan içindədi...
***
Ay oğul, əllərin Haqq dərgahında,
əl çala bilərsən, mənə oxşama,
mən bir az uzaqda, Allah yaxında,
alçala bilərsən, mənə oxşama.
Min hikmət gizlənib Quran içində,
ürəkdir aramsız vuran içində,
yandırıb eşqini bir an içində,
qocala bilərsən, mənə oxşama....
Bir mehə bənd imiş calağın günü,
hər vədə alaqdır, alağın günü,
xoş keçir yaltağın, yalağın günü,
ucala bilərsən, mənə oxşama.
Haqqın qapısından keç, inanmıram,
Allahı bəndədən seç, inanmıram,
sən ayrı, mən ayrı, heç inanmıram,
ac ola bilərsən, mənə oxşama.
Mən çəkdim içimə sevgi dağını,
yedirtdim yadlara gözüm yağını,
sən almaq istəsən Qarabağımı,
bacara bilərsən, mənə oxşama...
***
Min ildi düşmüşəm bu ayğır atdan,
demə ki, baxtımı fələk bağlayıb,
yolları çəkibsən ayağım altdan,
qollarım bir ucdan lələk bağlayıb...
***
Şair, gecə gəlir təbin,
yaz, nə qədər istəyirsən,
qaranlıqda işıq saçan
söz, nə qədər istəyirsən.
Göz işlər talan tərəfə,
qul meyli palan tərəfə,
əyilib yalan tərəfə
düz, nə qədər istəyirsən.
Tək mənimlə işi yoxdu,
ruhumun, təftişi yoxdu,
bu yerlərdə kişi yoxdu,
qız, nə qədər istəyirsən.
Şortək çürütməyək dərdi,
insan ki, gəldi-gedərdi,
gör, namərddə nə qədərdi
üz, nə qədər istəyirsən.
Kitaba salır yazımı,
bu gönüqalın yazımı,
qarala alın yazımı,
poz, nə qədər istəyirsən.
Mən yarpaq, ömür barama,
ölmək yaraşır harama,
səp köhnəlməyən yarama
duz, nə qədər istəyirsən.
Diriyəmsə, var günahım,
bir qulam, tanrıdır şahım,
dəryalar boydadır ahım,
üz, nə qədər istəyirsən.
Keçib, ölmək istəyirəm,
uçub, ölmək istəyirəm,
içib, ölmək istəyirəm,
süz, nə qədər istəyirsən.
***
Yavaş-yavaş,
diri-diri ölür ot basdıqca çığırlar,
hündür-hündür qayalardan atır özünü yollar bitəndə,
iyirminci mərtəbədən dəli bir həvəslə baxıram aşağı,
yığışdırın həyətdən, körpələri, arvad-uşağı,
iş kişinin başına gələr,
əsl kişi uçmağı öyrənirkən də ölə bilər...