İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış politoloq və araşdırmaçı İlqar Altay Moderator.az-a açıqlamasında Rusiyanın nüvə təhdidləri və bu təhdidlərə səbəb olan amilləri şərh edib:
“SSRI dağılandan
sonra Rusiya Federasiyasının gözəl bir şansı vardı ki, yeni müstəqil dövlət
kimi mütərəqqi inkişaf yolu seçsin. Yaxın qonşuları və bütün sivil dünya ilə səmimi
münasibətlər qursun. Ancaq təəssüf ki, bu olmadı. Putin Rusiyası krizisdən
çıxıb dirçələn kimi revanşizm, SSRİ-nin bərpası və hətta böyük imperiya ambisiyalarına qapıldı.
Rusiya Qarabağ konfilikti təşkilindən başlayaraq bugünkü Ukrayna hadisələrinədək
qonşulara qarşı apardığı, problem yaradıb təsir altına almaq siyasətini davam
etdirdi.
Artıq bu
gün Rusiya demək olar ki, bütün sivil dünya ilə üz-üzə qalıb. Bu qarşıdurmada
onun gücü çox zəifdir. Təsəvvür edin ki, Rusiyanın illik hərbi büdcəsi 50
milyard, Fransa, Almaniya və s. Avropa ölkələrinin hər birininki də təxminən 50
milyard dollar həcmindədir. ABŞ-ın hərbi büdcə potensialı isə 850 milyard həddindədir.
Rusiya bu zəifliyini başa düşür və ona görə də dünyaya süni qorxunc bir obraz
ortaya qoymaqla bunu kompensasiya etmək istəyir.
Ona
görə də əlindəki nüvə imkanlarını hər dəfə qabardır, gözə soxur. Yəni mənə
toxunmayın, qoyun işimi görüm, yoxsa özümü də, sizi də partladaram. Ancaq mən
düşünürəm ki, reallıqda Rusiya bu nüvə imkanından istifadəyə cəsarət etməz və
ona bunu etməyə imkan da verilməz. Çünki Qərbin həmin o qat-qat güclü hərbi
potensialı artıq çoxdan bu təhlükənin önlənməsini qurub. Sadəcə dünya birliyi
Rusiyanı, Putini mümkün qədər sivil metodlarla öz yerinə oturtmaq istəyir”.
Seymur
Əliyev