Moderator.az xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzi sentyabr ayının ilk ongünlüyündə Mingəçevir, Ağcabədi və Hacıqabulda ilk dəfə olaraq, gənclərin yaradıcılıq festivallarını təşkil edəcək.
Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Region gəncləri üçün yaradıcılıq laboratoriyası” adlı
layihə çərçivəsində keçiriləcək festivalların əsas məqsədi gənclərin yaradıcılıq
bacarıqlarının üzə çıxarılmasına və artırılmasına kömək etmək, onların yaradıcı
işə marağını oyatmaqdır.
Festivallara hazırlıq məqsədilə layihə heyəti 2 aya yaxın müddətdə
sözügedən şəhər və rayonların gəncləri üçün yaradıcılıq laboratoriyası qurmuş,
onlar üçün ayrılmış xüsusi məkanda praktik təlimlər,
master klasslar, şənbə görüşləri və məşqlər təşkil etmişdirlər. Onu da
qeyd etmək lazımdır ki, yaradılmış laboratoriyanın hər
birinə davamlı olaraq, yeni və istedadlı gənclərin cəlb olunması, onların şəxsi
inkişafı və təşəbbüskarlığının artırılması üçün müxtəlif tədbirlər, o cümlədən,
müxtəlif oyunlar, müsabiqə və digər
sosial aksiyalar keçirilmişdir.
Qeyd edək ki, festivallar çərçivəsində gənclər,
özlərinin teatr, kino işi, rəssamlıq, əl işləri, bədii qiraət,aşıq sənəti, musiqi
və digər sahələrdə bacarıqlarını nümayiş etdirəcəklər.
Festivalları izləmək və iştirakçı gənclərin gələcək
yaradıcılığını davam etdirmələrinə kömək məqsədilə müvafiq sahələr üzrə
ekspertlər və dövlət qurumlarının nümayəndələri də dəvət ediləcəkdir.
Gənclər üçün Təhsil Mərkəzindən verilən məlumata
əsasən, gənclərin yaradıcılıq festivallarının digər regionlarda da davam
etdirilməsi planlaşdırılır.