Xəbər
verdiyimiz kimi iqtisadçı ekspert Elçin Qurbanov yeni kitab nəşr etdirir. “Vergi fəlsəfəsi və onun ideoloji əsasları”
adlanan bu kitab adından da göründüyü kimi böyük iddialarla ortaya çıxıb. İlk
qələm təcrübəsinə bu qədər iddialı mövzuyla başlamaq riskli deyilmi?
Moderator.az-a
açıqlamasında ekspert bu suala aydınlıq gətirir.
“Mənə
bu barədə çox saylı suallar ünvanlanıb-nə üçün ilk kitabımı dövlətin vergi
sahəsinə həsr etmişəm? İlk öncə onu qeyd edim ki, ixtisasca iqtisadçıyam. Vergi
sahəsi mənim üçün təsadüfi xarakter daşımır. O da doğrudur ki, bu gün çox saylı
insanlar bu sahədə rast gəldikləri haqsızlıqlar barədə danışırlar, sözü gedən
sistemi kəskin tənqid edirlər. Mən isə düşünürəm ki, əgər hansı sahədə ciddi
problemlərimiz varsa onu ziddiyyət müstəvisində deyil, qayğı müstəvisində həll
etməliyik. Çünki vergi sistemi bir dövləti var edən, onu ayaqda tutan əsas
qurumdur. Əzəmətli Aristotel dövlətin varlığını üç əsas meyarla əlaqələndirirdi.
Onlardan birincisi; kütləvi hakimiyyətin, ikincisi; inzibati ərazi vahidinin, üçüncüsü
isə vergi sisteminin movcud olması idi. Əgər dövlətin mövcudluğunu təşkil edən
üç əsas sistemlərdən birini vergi sistemi təşkil edirsə deməli dövlətin
mükəmməlliyi də vergi sisteminin mükəmməlliyinə bağlıdır.
Ola
bilsin ki, bu sahədə çalışan vətəndaşlar məsələnin mahiyyətini lazımınca
qavraya bilmirlər. Ona görə də vəzifə məsuliyyətlərini düzgün qavrayıb icra
etmirlər. Özlərinin cılız hədəfləri naminə dövlətin əzəmətinə zərbə vururlar. Biz
isə çalışıb əlimizdən gəldiyi qədər onları yuvarlandıqları bu bataqlıqdan
çıxarmalıyıq. Başqa sözlə, xəstə varsa onu öldürmək yox, müalicə edib sağalmaq
daha düz yoldur. Sokrat demişkən, "tibb elmi bədəni müalicə edir, fəlsəfə
isə ruhu". Əgər bunlardan hər hansı birisi sağlam deyilsə deməli,
mükəmməllik də yoxdur.
Qələmə
aldığım bu kitab da məzmunca vergi qanunvericiliyi ilə tənzimlənən
münasibətlərin iştirakçılarına dair etik təlimdir. Özündə yüksək mənəvi
dəyərləri önə çəkən, qanun və əxlaqın birgə təlimi ilə ideal dövlət
quruculuğuna nail olmağın yeganə yol olduğunu təlqin edən kitab eyni zamanda
vergilər barədə qanunvericiliyə əlavə və təkliflərlə (şərti imperativ formada)
də zəngindir. Yəqin ki, kitab işıq üzü gördükdən sonra bütün oxucular onun
dəyərini özləri verəcəklər".