Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumata görə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə “İnnovasiyalar Mərkəzi” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
28 avqust 2014-cü il tarixində Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsində Azərbaycan Standartlaşdırma və
Sertifikatlaşdırma İnstitutu ilə Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin
“İnnovasiyalar Mərkəzi” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum Azərbaycan Standartlaşdırma və
Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev və “İnnovasiyalar Mərkəzi”
MMC-nin direktoru Kamran Aqasi tərəfindən imzalanıb.
Memorandumun əsas məqsədi dövlət və qeyri-dövlət təşkilatlarına
standartlaşdırma və sertifikatlaşdırma sahələri üzrə konsaltinq xidmətlərinin
göstərilməsi, birgə təlimlərin təşkil edilməsi və bu sahədə proqramın
hazırlanması və əlaqələndirilməsidir.
Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma
İnstitutunun direktoru Sabiq Abdullayev qeyd edib ki, muasir tələblərə cavab
verən standartların tədbiqi ölkəmizdə innovasiyaların,yeni texnologiyaların və
qabaqcıl təcrübənin inkişafda böyük əhəmiyyət kəsb etdiyindən hər iki qurumun
potensiallarını birləşdirən müvafiq dövlət və qeyri dövlət təşkilatlarının
keyfiyyət infrastrukturu sahəsində xidmətlərin göstərilməsi çox mühim haldır.
“İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Kamran
Aqasi memorandumun innovasiya və standartlaşdırmanı vahid iş çərçivəsində bir araya gətirən mükəmməl
bir imkan olduğunu, həmçinin dövlət qurumları və özəl sektor ilə fəal şəkildə əməkdaşlıq
etməyə şərait yaradacağını bildirib.
Qeyd edək ki, Azərbaycan Standartlaşdırma və
Sertifikatlaşdırma İnstitutu elm və texnikanın inkişafına müvafiq olaraq məhsulların
keyfiyyət və nomenklaturasının, xidmət və proseslərin insanların həyatı və
sağlamlığı üçün təhlükəsizliyinin təmin olunması, ətraf mühitin mühafizəsi məsələlərində
dövlətin və istehlakçıların mənafeyinin müdafiəsi, istehsalda və ticarətdə
texniki maneələrin aradan qaldırmaqla məhsulların dünya bazarlarında rəqabətliyinin
artırılması və səmərəli iştirakının təmin edilməsi istiqamətində fəaliyyət göstərir.
“İnnovasiyalar Mərkəzi” MMC isə informasiya texnologiyalarının (İT), innovativ məsələlərin tətbiqi, texniki tapşırıqların və proqram təminatının hazırlanması, informasiya sistemləri və informasiya ehtiyatlarının yaradılması, xidmətlərin elektron formada təşkili istiqamətində müvafiq texniki tapşırıqların, təlim və treninqlərin təşkili, konsaltinq xidmətlərinin həyata keçirilməsi, tədris-metodiki vəsaitlərin və texnologiyaların hazırlanması ilə bağlı işlərin görülməsi ilə bağlı məsələlərin həllini təmin edir.