Ölkəmiz öz təbii sərvətlərini xaricə sataraq iqtisadiyyatını qurmağa çalışır. Təbii sərvətlər isə tükənən varidat olduğundan dövlətimizin gələcəyini təmin etmək naminə yeni iqtisadi sahələrə investisiyalar yatırılmalı, sənayələşməmizin yolu açılmalıdır. Görünür, sözü gedən zərurəti anladığından iqtidar da bu məsələyə diqqət ayırmağa, müxtəlif layihələr həyata keçirməyə çalışır. Təsadüfi deyil ki, qəbul olunmuş müvafiq dövlət proqramlarında bu il sənaye ili kimi qeyd olunub.
Xalqımızın əqli potensialı, çalışma əzmi ölkəmizin sənayeləşməsinin sadəcə şirin nağıldan ibarət olmayacağına ümid yaradır. Yaradıcı təxəyyüllü gənclərimizin mövcudluğu bu yolda əsas qarantımızdır. Belə gənclərdən biri isə Salyan rayon sakini Təbriz Bağırovdur. Qeyd edək ki, Təbriz Bağırov hazırda jurnalistlik fəaliyyəti ilə məşğul olur və İnfom.az saytının əməkdaşıdır.
Dar imkanlar çərçivəsində öz təxəyyülünü reallığa çevirən Təbriz yeni bir cihaz icad edib. Adına şərti olaraq “printer nəqqaş” dediyimiz cihazın komputer yaddaşına istənilən şəkli yükləməklə müxtəlif materiallar üzərində onun qabarıq formasını yonmaq mümkündür. İxtiracının bildirdiyinə görə, bu cihazı ilk dəfə yaponlar, onlardan sonra koreyalılar və nəhayət, o, istehsal edib.
Təbriz Bağrov 1 illik çalışmaları nəticəsində ərsəyə gətirdiyi bu cihazı taxta, daş, dəmir və sair materiallar üzərində sınaqdan çıxarıb. Cihaz öz funksiyasını qüsursuz yerinə yetirir. Kibrit qutusu ölçüsündən tutmuş 4 kv. metr böyüklüyünə qədər müxtəlif materiallar üzərinə istənilən şəkilləri həkk etmək qabiliyyətinə malik olan “printer nəqqaş”ı daha da təkmilləşdirmək olar. Nə yazıq ki, ixtiraçının buna maddi imkanı çatmır.
Yaponiyada buna bənzər bir cihazın qiyməti 120 min evro olduğu halda bizim texnoloq öz ixtirasını cəmi-cümlətanı 1600 manata həyata keçirə bilib. Təbriz Bağırov bu dəzgahdan adi dülgər sexindən tutmuş hərbi sənaye müəssisələrinə qədər müxtəlif sahələrdə istifadə olunacağına inanır. “Əlaqədar qurumlar maraqlansalar icad etdiyim bu cihazın daha təkmil formasını düzəltmək və onun vasitəsilə Azərbaycanda maşınqayırma sənayesini inkişaf etdirmək, dövlət büdcəsinə xeyli xarici kapital gətirmək olar”-deyən ixtiraçı maraqlı dairələrdən səmərəli təkliflər gözlədiyini də gizlətmir.
“Printer nəqqaş”ın funksional fəaliyyətini əks etdirən video-görüntünü təqdim edirik.