Bir neçə gün bundan öncə təmas xəttini keçərkən Azərbaycan hərbçiləri tərəfindən ələ keçirilən və daha sonra qəfil ürək tutmasından öldüyü bildirilən erməni diversant Karen Petrosyanın Şəmkir hərbi korpusunun komandanı Rövşən Əkbərov tərəfindən hansı formada dindirildiyini hər kəs yəqin ki, yaxşı xatırlayır. Qolları bağlı şəkildə R.Əkbərov qarşısında diz çökdürülən və işgəncəyə bərabər təzyiq altında dindirilən K.Petrosyanın iniltiləri, generalımızın hərbi əsirə lüzumsuz yerə təzyiq göstərən hərbçiyə dediyi “sındırma” ifadəsi və s. yəqin ki, uzun müddət müzakirə predmeti olaraq qalacaqdır.
Narahatlıq doğuran başlıca amil Azərbaycanın dövlət olaraq imicinə böyük zərbə vuran bu şounun açıq şəkildə, sanki böyük bir nailiyyət kimi ictimaiyyətə təqdim edilməsidir.
Öncə onu qeyd edək ki, ermənilərin zorakılıq tərəfdarı olduğu, həm hərbi, həm də mülki şəxslərə münasibətdə hədsiz amansızlıq sərgilədiyi hər zaman Azərbaycanın beynəlxalq müstəvidə diqqət çəkməyə çalışdığı məsələlərdən biri olub. Kəlbəcərə səfər əsnasında erməni hərbçiləri tərəfindən tutularaq gözü çıxarılan və qətlə yetirilən Həsən Həsənovun başına gələnlərin Azərbaycanda bu gün də hər kəsin qəlbini göynətdiyi bir həqiqətdir.
Dilqəm Əsgərovun erməni zabiti qarşısına hansı formada çıxarılması da hər bir azərbaycanlının ruhunu ağrıdan, onda qəzəb və intiqam hissi doğuran nümunələrdəndir. Azərbaycan Xocalı faciəsindən tutmuş üzübəri son 22 il ərzində baş verən bu cür olayları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla ermənilərin necə vəhşi və yırtıcı təbiətə malik olduğunu isbatlamağa çalışıb. Bu gün isə K.Petrosyanı dünyanın gözü qarşısında məhşər ayağına çəkən Azərbaycan beynəlxalq konvensiyalara görə hərbi əsir statusuna malik olan, hörmət və ləyaqətlə davranılması gərəkən erməni diversantını az qala efir qarşısnda linç etməyə cəhd edir. Və bununla da ermənilərin əlinə Azərbaycanın bütün dünyada vəhşi obrazını yaratmağa kömək edən çox ciddi fakt vermiş olur. Artıq hər kəs əmin ola bilər ki, yaxın gələcəkdə Ermənistan tərəfi Azərbaycan istehsalı olan məlum video materialdan ölkəmizə qarşı çox böyük ustalıqla istifadə edəcək və əhəmiyyətli uğurlara nail olacaqdır.
K.Petrosyanın generalın hüzuruna o şəkildə çıxırlması və dindirilmə prosesinin təzyiq altında keçirilməsi mənəvi baxımdan da qəbuledilən deyil. Unutmaq olmaz ki, Azərbaycan ərazisinə keçən K.Petrosyanın hərbçilərimiz tərəfindən tutulması qəhrəmanlıq olsa da, tərk-silah edilən hərbi əsirlə o şəkildə davranmaq qəhrəmanlıq yox, lovğalıqdır. Və adətən bu lovğalıq o hallarda baş qaldırır ki, bunun üçün gərəkli olan fürsət hələm-hələm ələ düşmür.
Biz mülki və ya hərbçi olmağından asılı olmayaraq əsir statusuna malik bütün ermənilərlə elə davranmalıyıq ki, erməni əlindəki əsirlərimizlə o şəkildə davranılmasını istəyirik. Və ermənilərin bizim əsirlərimizə işgəncə verməsi faktı o demək deyil ki, biz də eyni əməli erməni əsirlərinə qarşı nümayiş etdirməliyik. Əgər biz də ermənilər kimi əsir düşmüş insanlara işgəncə versək, onlarla vəhşi heyvan kimi davransaq, o zaman bizim ermənilərdən heç bir fərqimiz qalmayacaqdır. Biz o zaman erməniləri qeyri-insanilikdə, zorakılıqda ittiham edə bilməyəcəyik. Çünki bunun üçün heç bir əsas olmayacaq.
Humanizm ”“ bu, bizi ermənilərdən fərqləndirən başlıca cəhətdir. Biz torpağımıza göz dikən, insanlarımızı qətlə yetirən erməniləri məhv edə, onları öldürə bilərik. Bu, bizim haqqımızdır. Lakin əsir düşən düşmənə işgəncə vermək, onun heysiyyatı ilə oynamaq bizlik deyil. Bu, bir türk olaraq bizə, bizim xarakter və ruhumuza yaddır.
Odur ki, əsir düşən erməni əsirlərinə təzyiq göstərmək, onlara işgəncə verməklə türkdən erməni düzəltməyə cəhd etməyin cənablar. Bizi bizim nifrət etdiklərimizlə eyniləşdirməyin. Bu bizim üçün Qarabağdan daha böyük, daha dözülməz faciə olar.
Seymur Əliyev
e-mail: seymur_dq04@mail.ru