Tanınmış şair Saday Şəkərli bu gün öz facebook səhifəsində şəhidlərlə bağlı iki şeir paylaşıb. Moderator.az həmin şeirləri təqdim edir.
***
Bu gecə başıma daş ələdilər,
laylay şəhidim, laylay,
ruhumu, canımı pörşələdilər,
laylay şəhidim, laylay.
Şahım sən, xanım sən, sultanım sənsən,
pas atmış qılıncım, qalxanım sənsən,
tək sənsən,qanına qəltanım sənsən,
laylay şəhidim, laylay.
Hər gecə ay doğdu gül camalından,
fırlanıb gün aşdı dağlar dalından,
mənimtək sərxoşdu anam halından,
laylay şəhidim, laylay.
Tək qaldıq, təkləri öyən torpaqdı,
min dərdi bir kümə düyən torpaqdı,
şəhidim, sənin də yiyən torpaqdı,
laylay şəhidim, laylay.
Sən belə qədərsən, dayanacaqsan,
hər gün öz səsinə oyanacaqsan,
hər gün öz qanına boyanacaqsan,
laylay şəhidim, laylay...
***
Dedilər on birdi, səbrimi basdım,
vallah, on ikinci imam tək mənəm,
özümü Allahın göyündən asdım,
gördünmü asiyəm, qiyam tək mənəm.
Qoy gəlsin lənətə belə dünyanı,
qaçıb taleyindən qurtulan hanı,
çıxıb damarımdan hər şəhid qanı,
canında qəlpəni duyan tək mənəm.
Bir kasıb oğludu, közü mənimdi,
yanıb tüstüləyən sözü mənimdi,
bədəni torpağın, özü mənimdi,
onu göz yaşıyla yuyan tək mənəm.
Min qədəm toplayıb vahid oluram,
qaçana, qovana şahid oluram,
hər gecə söz üstə şəhid oluram,
hər gecə canına qıyan tək mənəm.
Aşiqəm, hər yetən adıma çatmır,
öpüb-oxşadığı qadına çatmır,
daha sümüklərim dadıma çatmır,
dənizəm, dəryayam, suyam, tək mənəm.