Bu şeiri tanınmış jurnalist Xədicə İsmayıla həsr etmişəm. Vaxt o vaxt idi ki, xanım jurnalist özəl həyatına aid video-görüntülərlə şantaj olunurdu. Mən də məlum hadisəni siyasi mübarizə prinsiplərinə uyğun olmayan hal kimi qiymətləndirmiş və bu şeiri yazmışdım.
Nə yazıq ki, üzərindən xeyli keçməsinə baxmayaraq "qadınlara torba tikmək" tendensiyası nəinki durdurulmadı, əksinə, böyük sürətlə davam etdirildi. İndisə bir başqa xanım siyasətçi Kəmalə Bənənyarlı eyni cəza tədbirinin qurbanına çevrilir.
Bu cür mənəvi represiyalara məruz qalan xanımları dəstəkləmək üçün yazdığım şeiri oxucularla paylaşıram.
Heydər Oğuz
Anlamıram bir mətləbi,
Mənə başa salın bunu.
Biz səbrli millətiksə,
Bəs, bu səbrin yox mu sonu?
Hər təhqirə dözə-dözə
Zülmə boyun əyirik biz.
Sonra “papaq altda yatan
Oğullar var”- deyirik biz.
Deyin mənə, hansı haqla
O papağı daşıyırıq?
Dəyərsizlik ölkəsində
Bir halda ki, yaşayırıq.
Qadınlara torba tikən
“Kişiciklər” olan yerdə
Ürək hələ dayanırsa
Bu ləkəyə, belə dərdə,
Demək, hələ papaq altda
Gizlənən baş bir baş deyil.
Qeyrət hissi o başları
Oyadacaq təlaş deyil.
Bir halda ki, bu məmləkət
Zülm əlində viran olur,
Nəslimizin sərvətləri
Yağmalanır, talan olur.
Papaq altda başlarımız
Hələ yenə oyanmırsa,
Neyləyirəm o papağı
Altda nəsə dayanmırsa ?
Papaq əgər qoruyursa
Bizi yalnız qardan, qışdan
Barı onda danışmayaq
Papaq altda yatan başdan.
Namus adlı torpağını
Yad əllərə verən adam
Utanmadan hər bir günü
Eləyirsə şənlik, bayram,
Demək itirib ağlını
Bilmir nə pis, nə yaxşıdır.
Baş qeyrətə məzar olub
Papaq onun baş daşıdır.