Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri, tanınmış hüquq müdafiəçisi Əlövsət Əliyev Azərbaycan KİV-lərinin spesifik problemlərinə həsr olunmuş yazısını Moderator.az-a göndərib, onu oxuculara təqdim edirik:
Bəzən düşünürsən ki, bütünlükdə cəmiyyətin taleyi informasiyadan asılıdır. Məhz insanlar əldə etdikləri informasiyalara inanır və həmin informasiyalar əsasında müxtəlif rejimlərə qarşı mübarizə aparır, vətəndaş müharibələri olur, ən böyük şirkətlər müflis edilir, korrupsiya ocaqları dağıdılır, diktatorların hakimiyyətinə son qoyulur.
Hər birimiz informasiyanı kütləvi informasiya vasitələrindən alırıq. Ardıcıl olaraq bir necə ölkənin KİV-lərini izlədikdə ölkələr arası, siyasi partiyalara aid KİV-ləri izlədikdə isə siyasi partiyalar arası informasiya müharibəsinin hər gün şahidi olmaq mümkündür.
Lakin bəzən də elə də olur ki, hadisələr haqqında əvvəlcə KİV-lər vasitəsilə ictimai rəy formalaşdırılır, sonra isə müəyyən münaqişələr “yaradılır” və ya mövcud münaqişəninn həlli istiqamətdə “addımlar” atılır. Liviya, Suriya, Ukrayna, İsraillə bağlı olan münaqişələri buna aid etmək olar. Əslində bu cür münaqişələr haqqında KİV vasitəsi ilə uzun müddət həqiqəti öyrənə bilmək mümkün deyil. Cünki KİV siyasi münaqişələr zamanı məlumat mənbəsi kimi deyil, insanlarda fikir formalaşdırmaq üçün alət kimi istifadə olunur.
Bəzi olkələrin məlumat mənbələri isə həmişə münaqişə ocaqlarında olan vəziyyəti xatirladır və davamlı olaraq həqiqəti deyil, himayəsində olduğu şəxslərin və ya təşkilatın mövqeyini həqiqət kimi “işıqlandırır”.
Düşünürsən ki, bütün məlumatı birbaşa internetdən-insanların redaktə olunmayan, hadisələrin iştirakçiları və ya şahidlərinin paylaşdığı mənbələrdən əldə etmək daha effektli olar. Lakin buna da sona qədər inanmaq olmur. Bu halda da ən yaxşı vəziyyətdə birbaşa hadisənin şahidi oluruq. Həmin hadisənin nə üçün və hansı səbəbdən baş verməsini bilmirik. Odur ki, birbaşa internet də obyektiv mənbə rolunu oynamır. Həm də Azərbaycanda o qədər saxta profillər yaranıb və buna görə insanlar həbs edilib ki, burda da həqiqı məlumatı əldə etmək mümkünsüz olub.
Az qala hər bir hadisə barədə həqiqəti müəyyən etmək üçün özün təhqiqat aparır, coxsaylı mənbələrdən məlumat alır, təhlil edir və sonda məlumatın həqiqiliyini özün müəyyən edirsən.
Azərbaycan KİV-lərini təhlil edəndə daha qorxulu vəziyyətə düşürsən. Cünki Azərbaycanda KİV-lərin əksəriyyəti hakimiyyət və ya müxalifət deyil, siyasi partiyalar və yə cəmiyyətlər deyil, hər hansi icra strukturu və ya həmkarlar təşkilatları deyil, ayrı-ayrı klanlara məxsus olmaqla konkret şəxslərin və ailələrin iradəsini təmsil edir.
Azərbaycan onsuz da kifayət qədər kiçik ölkədir və baş verənlər haqqında hər birimizin ətraflı məlumatı elə yaxın ətrafımızdan da ala bilərik. Hələ ki, hər ayda hec olmasa bir dəfə də olsa obyektiv və qərəzsiz jurnalist araşdırmasının da şahidi oluruq (ümid edirik ki bu araşdırmalar nə zamansa jurnalistika peşəsini öyrənənlərə vəsait kimi tədris olunacaq) və bu da təsəllidir.
Düzgün informasiyanı axtaranda cox əsəbləşməyin. Inanmadığınız KİV-lərə protest edin və onlardan hec bir informasiya almayın.
Birdə ki, həqiqətə uygun olmayan, cəmiyyətin, dövlətin və dövlətçiliyin inkişafına deyil, ayrı-ayrı şəxslərə və ya klanlara xidmət edən KİV-lərin informasiyası nəyinizə lazımdır ki?