Bir çox bölgələrini etnik və ya dini münaqişələr sarmış dünyamızda, xüsusən də Yaxın Şərq və onun qan çanağına dönmüş İraq bölgəsində baş verən son hadisələr zəncirvari fəlakətlərin bir xərçəng kimi tədricən Avrasiyaya yayılacağı qənaətini möhkəmləndirir. Sırada Kürdüstanın müstəqilliyinə gedən sürəc də var. Yaxın Şərqdə baş verən hadisələrin ümumi axarına aydınlıq gətirmək üçün yazıçı-tarixi araşdırmaçı Xaqani İsmayıla müraciət etdik.
”“ Xaqani bəy, Yaxın Şərqin bugünkü acı nümunəsində, Sizcə, dünyamız hara üz tutmaqdadır?
”“XXI yüzilliyimiz elm və texnikanın möhtəşəm şəkildə yüksələn inkişaf xətti ilə yanaşı, qara xəbərlərlə də gəlməkdədir. Söhbət siyasət və digər elmi texnologiyalar vasitəsilə bir irqin digərləri üzərində ağalığının əbədi rəsmiləşməsindən gedir. Gördüklərimiz və yaşadıqlarımız isə ən müdhiş bir sürəcin detallarıdır. Bu sürəcdəki ssenarilərin gerçəkləşməsi üçün çeşidli rollara ehtiyac var. Necə olur ki, (bəzi elmi mülahizələrə görə) türklərin Avropa torpaqlarını fəthindən sonra onların yedəyində (və ya kölgəsində) axın edərək indiki Britaniyada məskunlaşmış ingilislər, Osmanlı dövlətinin avropalıların soyqırımından xilas edərək özünə sığındırdığı yəhidilər və I Dünya Savaşında türklərlə yanaşı dünya imperialist cəbhəsinə qarşı ortaq qəhrəmanlıq və zəfər dastanı yazmış (əcdad etibarilə türk soyundan qopmuş) kürdlər birləşərək Türkiyəyə qarşı düşmən kəsilirlər?! Yaxın Şərq I Dünya Savaşından öncə hər kəsin, o sıradan, kürd, türkmən, ərəb (iraqlı, livanlı, fələstinli...), yəhudi, suryani və erməninin barış və güvən içində yaşadığı Osmanlı əraziləri idi... I Dünya Savaşı zamanı ingilislərin “böyük ərəb padşahlığı” vədinə (felinə) aldanan ərəblər: “Türk Ordusu bizim bölgədən çıxsın ”“bizə yetər, biz öz yəhudi əmiuşaqlarımızla dil taparaq bu torpaqlarımızda rahat yaşayarıq” ”“deyib, sonra da ingilislərin sırasında Osmanlıya qarşı savaşa sarıldılar. Bu gün onların öz yəhudi əmiuşaqları ilə bu bölgədə necə dil taparaq yaşadıqları dünyaya sabah-axşam car olmaqdadır. Yaxın Şərqin ümumi durumu da göz qabağındadır.
”“Sizcə, müstəqilliyinin elan olunması yaxınlaşan Kürdüstan muxtariyyəti kürdləri əbədi məsud edə biləcəkmi?
”“ Doğrudur, İraqdakı Kürdüstan muxtariyyətinin müstəqil dövlətə çevriləcəyi qaçılmaz görünür. Həmçinin nəzəri cəhətdən də burada bir qəbahət yoxdur. Ancaq bu məsələ ətrafında bölgə xalqlarına rahatsızlıq verən bir önəmli sual vardır: bu müstəqilliyin sifarişçisi kimdir ”“böyük güc mərkəzimi, yoxsa kürd xalqımı? Hadisələrin gedişindən də göründüyü kimi, kürdlərin bölücülüyünü hər vəhclə stimullaşdıran ”“bu işin “patronu” ”“böyük güc mərkəzidir. Deməli, gələcək Kürdüstanın funksiyalarını müəyyən edən də o olacaq. Ancaq kürdlər və bölgə xalqları üçün ən optimal (nəzəri) seçim Quzey İraqda yaranacaq Kürdüstanın müstəqil kürd milli dövlətinə çevrilməsi, yəni kürdlərin özgürcə digər qonşu (xüsusilə də müsəlman) dövlətlərlə sıx əməkdaşlıq və dinc qonşuluq prinsipləri ilə hərtərəfli inkişaf və çiçəklənmə xətti götürməsidir. Bununçün iqtisadi baza var və bölgə xalqları ilə kürdlərin münasibətləri amansız rəqabət səviyyəsindən düşmənçilik səviyyəsinə hələ ki qalxmayıb. Yəni mənəvi körpüləri, yaralanmış olsa da, bərpa etmək olar. Ancaq prosesin bu cür müdrik gedişi sifarişçiyə əl vermir.
”“Son zamanlar İŞİD adlı islamçı qüvvə də meydan sulayaraq bölgədə işğalçı gücə çevrilməkdədir. Bölgədə bu hərki-hərkilik, Sizcə, əslində nədən xəbər verir?
”“Zaman baxımından bir qədər geriyə nəzər salsaq, görərik ki, əsasən də federativ dövlətlərin dağılmasından sonra dünyada çox faciələr yaşandı. Təsəvvür edin ki, Rusiya Fedarasiyası da eyni ssenari ilə dağdılsa, nələr baş verəcək: bütün Avrasiya çatır-çatır yanan ocaqlara dönüşəcək. Və hələ də güc mərkəzinin siyasəti buna doğru gedir. Rusiya və Çini dizüstə qoymaq üçün Avrasiyanın onurğa sütunu olan türk-müsəlman dünyasını dağıtmaq lazımdır. Çünki türk-müsəlman dünyası Rusiya və Çin üçün bufer zonadır. Ancaq dünya güc mərkəzinin planında bu bufer zona platsdarma, poliqona çevrilməlidir. Başqa sözlə, indiki təhlükə növbəsi bizə ”“türklərə, müsəlmanlara aiddir...
”“Sizcə, bu prosesləri nədən önləmək olmur?
”“Güc mərkəzi dünyadakı bütün imkanları ilə bir məxtrəcdən çıxış edir. Onun hədəfləri olan topluluqlar isə pərakəndə, fərdiyyətçi fəaliyyət formasındadır. Güc isə birlikdədir. Yaxın Şərqin timsalında, orada sabitlik yaratmağın ilkin şərti güclü Türkiyə, güclü İran və güclü İraq (ümumilikdə, güclü ərəb dövləti) dövlətlərinin mövcudluğuna bağlıdır. Hətta təkcə güclü Türkiyənin, öncəki imicə və qüdrətə malik Türk ordusunun olması faktı Yaxın Şərqdəki proseslərə ciddi təsir edən amillərdən idi. Çünki beynəlxalq qanunları əsas gətirərək Türkiyə İraqa müdaxilə edib orada anti-terror əməliyyatları apararaq həm PKK-nın “arxa baxçası”nı bağlayar, həm də İraq və Suriyadakı İŞİD və istənilən başqa terrorçu qrupları cəmi bir neçə ay ərzində “cənnət”ə göndərə bilərdi. Ona görə də dünya güc mərkəzi Türk ordusunu, ölkənin hüquq-müdafiə sistemini, media aləmini sarsıdan, iradəsi öz xalqına qarşı ilhamlanmış Ərdoğan-Gül-Fətullah triosuna yaşıl işıq yandırıb. (Son dönəmdəki Ərdoğan-Fətullah çəkişmələri də əsas ssenarinin uğurlu davamı üçün rolların bölünməsindən başqa bir şeyə bənzəmir. Bəzi qurbanlar tələb edən bu proses də müəyyən bir zaman içində astar üzünü büruzə verməli olacaq...).
Yaxın Şərqin timsalında, yuxarıda qeyd olunan prosesləri önləmək üçün isə Rusiya və Çin kimi nəhəng dövlətlər (Yaxın Şərq bölgəsində İran dövlətinə və güclü, suveren ərəb dövlətinin mövcudluğuna dəstək verməklə yanaşı) əski düşmənçiliyi bir tərəfə qoyaraq, dünyada yeni güc qruplaşması yaratmağı düşünməli və bu məqsədlə Türkiyənin ərazi bütövlüyünün möhkəmlənməsində, Türk ordusunun güclənməsində maraqlı olmalıdırlar. Bununla yanaşı, Rusiya və Çin daxili siyasət və dövlət ideologiyalarında türk-müsəlman toplumuna, onun haqlarına ədalətlə yanaşaraq, onları etibarlı tərəfdaşlara çevirməlidirlər...
Əks halda, hər kəs öz növbəsində “ağa irq”ə qul olmaq şərəfinə nail olacaqdır...