Bir müddət əvvəl ədəbiyyatsevər dostlarımdan biri facebook-da Kənan Hüseynov adlı müəllifin şeirlərini paylaşmış və ona uğurlu gələcək arzulamışdı. Özü də gənc olan dostumun bu ağayana hərəkəti, bir böyük kimi xeyir-dua verməsi çox diqqətimi çəkmişdi. Müəllifin yaşca çox gənc olduğunu anlamış və maraqla şeirini oxumuşdum.
Dostum haqsız deyildi. Həqiqətən də paylaşdığı şeir bir çox sinəsinə döyən şairlərin cızma-qarasının fövqündə dayanırdı. Şairin kimliyiylə maraqlandım. Axtarıb facebook səhifəsini tapdım və proflində özünün verdiyi məlumatlardan 16 yaşında olduğunu öyrəndim.
Kənan Hüseynov: 1998-ci ildə Astara şəhərində anadan olub. Məktəblidir, rayonun 5 nömrəli orta məktəbində oxuyur.
Kəşf etdiyim bu istedadı sizlərlə də tanış etmək qərarına gəldim. Facebookdakı "poçt qutu"suna məktub yazaraq moderator.az - da yayımlamaq üçün mənə bir neçə şeirini göndərməsini istədim. Sağ olsun, sözümü yerə salmadı. Mən də sözümün üstündə durub həmin sovqatı Sizinlə paylaşıram.
Heydər Oğuz
Verdiyin sözləri, gəl, apar barı
Deyirdin:- ikimiz bir nəfərik biz,
Canımdan can aldın, qopardın niyə?
Gələndə birazcıq sevgi gətirdin,
Gedəndə ömrümü apardın niyə?
Nə deyim,nə dinim, bilmirəm indi,
Sanma, yoxluğunla barışmışam mən.
Ürəyim ağlımla müharibədə,
Hislərin qanına bulaşmışam mən.
Mənə “unut” -deyib sanma, gözəlim,
Adını qəlbimdən poza bilərsən.
Getdiyin yolları yadında saxla,
Qayıdıb gələndə aza bilərsən.
Artıq inanmıram qayıtsan da sən
Məni əvvəlkitək sevərsən yenə.
Verdiyin sözləri, gəl, apar barı,
Bəlkə başqasına verərsən yenə.
İstədim, günəşə bənzədim səni
İstədim, günəşə bənzədim səni,
Axı səncanverən, isidənimsən.
Sonrasa düşündüm:“yox, belə olmaz,
Günəş hər kəsindi, sənsə mənimsən”.
İstədim həyata bənzədim səni,
Gördüm həyata da oxşar deyilsən;
Qayğıma qalırsan, sevirsən məni,
Amma həyat kimi qəddar deyilsən.
İstədim ruhuma bənzədim səni,
Sən mənə ondanda doğma,əzizsən.
Gördümki, ruhumu kirlədib zaman,
Sənsə çoxməsumsan, safsan, təmizsən.
Bənzətmək istəməm səni heç kimə,
Tər-təmiz yazılıb həyat dəftərin.
Könül sarayımda nadir incitək
Fərqlisən hər kəsdən, yoxdu bənzərin.
Qanadsız mələk
İnanki, günəş də nur saça bilməz
Ömrümə nur saçan gözlərin kimi.
İnanki, günəş də isidə bilməz
Ruhumu isidən sözlərin kimi.
Səndən güc alaraq çox dəyişmişəm,
Ömrümə xoşbəxtlik, sevinc qatmısan.
Bilirəm, mələksən, qanadlarını
Sevgimiz uğrunda qırıb atmısan.
Necə də gözəldir sevgi yuvamız?
İstərəm, ayrılıq qonaq olmasın.
Hər şeyə hazıram, bircə diləyim-
Əllərin əlimdən uzaq olmasın.
Allaha şükürlər edirəm hər gün,
Səni nə yaxşıki, bəxtimə yazdı.
Elə bir hədiyyə verdiki, mənə,
Bir ömür ibadət etsəmdə azdır.