Bakı şəhəri və yaxın çevrəsində “özütikilən” evlərin sənədləşdirilməsinin başa çatmaması ilə bağlı durumun uzun sürməsi bəzi qəsəbə və şəhərətrafı yaşayış mənətəqələrindəki sakinlərə rahatsızlıq verməyə davam edir.
Ötən günlərdə hökumət nümayəndələri tərəfindən qeyri-müəyyən və şifahi xəbərdarlıq almış Bakı şəhərinin 11-12 km-liyində yerləşən Nübar-Atyalı yaşayış massivinin ilk sıralarında yerləşən mənzillərin sakinlərinin narahatlığı da bu qəbildəndir. Xatırladaq ki, bu evlərinin üzərindən və ya yaxınlığından yüksəkgərginlikli xətlər keçməkdədir.
Moderator.az-a bilgi verən adının çəkilməsini istəməyən Nübar-Atyalı massivi sakinlərdən biri vaxtilə bu tikintilərin bağ sənədləri ilə müvafiq orqan nümayəndələrinin şifahi razılığı ilə gerçəkləşdiyini, sonralarsa “qanunsuz” elan olunduğunu bildirdi. Ancaq Avropa Şurasının davamlı tələbləri və ölkə prezidentinin iradəsi sonucunda bütün ölkəmizdə olduğu kimi, bu massivdəki bütün evlərə də texniki pasport tərtib olunub, bələdiyyə tərəfindən uçota alındı və vergiyə cəlb edildi. Ancaq özəlləşmə prosesi aparılmadığından kimlərin və nəyi gözlədiyi məlum deyil.
Birinci sıradakı, yüksəkgərginlikli xətlərin yaxınlığındakı ev sahiblərinin narahatçılığına gəldikdə isə, bu xətlər götürülməzsə və evlər sökülərsə hansı meyarlarla və hər kv.m.-ə nə qədər maddi təzminat ala biləcəklərindən məlumatsızdırlar. Mənbənin sözlərinə görə, belə məsələlər bir müddət sonra əraziyə göndəriləcək müvafiq komissiyanın rəyindən sonra müəyyənləşəcək.
Qəribədir: məlum Kür daşqınından sonra bir çox bu qəbildən olan məsələlər bizlərdə hələ də müəyyənləşə- müəyyənləşə gedir. Görəsən, Kür Azərbaycan məmurlarının hərəkətlərinə əsəbiləşməsəydi necə, yetim-yesir evinin sənədləşməsi hansı günə, hansı əyyama qalacaqdı?