Moderator.az tanınmış qələm sahibi və özünəməxsus şeirləriylə seçilən Nurəddin İsmayılın növbəti şeirini isti-isti, necə deyərlər, mürəkkəbi qurumamış oxuculara təqdim edir:
Söz
Göz içində görən göz var,
Söz içində adamı odsuz-közsüz
yandıran söz var.
Sən sözü tap söz içindən,
Durubsan ocaq başında,
görmürsən adamı yandıran nədir
öz içindən.
Dünyanın işığını yandıran var,
Hər incə mətləbi qandıran var.
Sən yandırmağı işıqdan san,
Yetər dünyanı qaladın odlara,
bil, nur mənbəyi-işıqdansan.
Aşiq olsan bağlanarsan sözə,
Sevdirən sözlə sevdirmiş,
söz, özü də möhtacdır sözə.
Söz qəlbin açan qönçəsi,
Söz həqiqətə gedən yolun
idrak nöqtəsi.
Sözdədir dilin canı,
Sözdür fikrin, düşüncənin
zəkaya axan qanı.
Söz açdı sirrini sirli sandıqların,
Yoxdan var olan varlıqların.
Sözlə gəldi nidası var olmanın,
Sözdür sirrini saxlayan özündə
hər boşalıb, yenidən dolmanın.
Içinə gir, hikmətini tap sözün,
Söz bir sirli dünya, təsdiqi özün.
Bükülü yumaqdır dünya
kələfini tut, açılsın.
Ilməsini at, naxışını vur,
haqq sözündən aləmə nur saçılsın.
Yalan söz var, söz yalan deyil,
Sən ha de ki, dünya yalan deyil.
Yalandır söhbəti, sözü dünyanın,
Düşər, nəfsini ona salan hər kəsə
gözü dünyanın.