Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Moderator.az-a müsahibə verib, onu təqdim edirik:
Mirvari xanım, SOKAR-dakı bu işdən çıxarılma və ya ixtisarasalma "əməliyyatı"nda nə vaxt səngimə olacaq?
-Azərbaycan qanunvericiliyində dövlət müəssisəsində
çalışanların təqaüd yaşına çatmasıyla bağlı işdən çıxarılması haqqında qanun
yoxdur. Çox təəssüf olsun ki, Azərbaycanın neft sektorunda, xüsusən də Dövlət
Neft Şirkətində işçilərin təqaüd yaşı çatan kimi məcburi ərizə yazdıraraq işdən
azad edirlər. Bu da qanunaziddir. Amma əməliyyat şirkətləri var ki, orada təqaüd
yaşı çatsa da işçinin bilik və bacarığını qiymətləndirirlər. Əslində SOKAR-ı da
başa düşmək çətin deyil. Çünki cavan kadrlar işsiz qalır və yeni iş yerlərinin
getdikcə azalması rəhbərliyi belə sərt addımlar armağa məcbur edir. Burada əsas
məsuliyyət SOKAR-ın yox, hökumətin üzərinə düşür. İnsanların işdən bu cür
alçaldıcı formada uzaqlaşdırılmaması üçün hökumətdə düşünməlidirlər və işçiyə
elə təqaüd təyin edilməlidir ki, o işdən çıxarılanda stres keçirməsin. Çünki bir
çox neftçinin ailəsində başqa işləyəni yoxdur və onun təqaüd yaşına görə işdən
kənarlaşdırılması bütövlükdə ailə üçün ağır zərbə olur. Ona görə də dövlət elə
mexanizm işləyib həyata keçirməlidir ki, neftçi özü ərizə yazıb təqaüd yaşı
çatdığına görə işdən getməsini istəsin.
-Axı neftçilər digər peşə sahiblərindən fərqli
olaraq yüksək əmək haqqı alırlar və təqaüdləri də məncə çox olur.
-Yox elə deyil. Yazıq neftçi nə təqaüd alır
ki? İndi təqaüdün başına elə oyun açıblar ki, 700-800 manat maaş alan neftçi də
təqaüdə çıxanda elə müəllim və həkim qədər təqaüd alır. Təqaüd elə
hesablanmalıdır ki, illərini, sağlamlığını ölkənin neft sənayesinə xərcləmiş
neftçi təqaüddə olanda da minimal dolanması üçün pul ala bilsin.
-Nə təklif edirsiniz?
-Neftçiləri digər peşələrdən fərqləndirmək lazımdır və onların təqaüdləri fərqli mexanizmlərlə
hesablanmalıdır. Yəni ən azı təqadçü neftçi indikindən ən azı 2 dəfə artıq təqaüd
almalıdır ki, o təhqir olunduğunu düşünməsin və bu sənayenin inkişafına sərf
etdiyi illərinə heyfslənməsin. Yadınızdadırsa sovet vaxtı fəhlələr özləri
pensiya yaşlarının çatmasını gözləyirdilər ki, öz ərizələri ilə təqaüdə
çıxsınlar.
-Son vaxtlar sizə hüququ pozulan neftçilərin
şikayətlərində hansı tendensiya müşahidə olunur, artma var, yoxsa azalma?
-Artıq bu həftə yekunlaşdıraraq rəqəmləri dəqiq
açıqlayacağıq. Amma indidən deyim ki, son 6 ay müddətində 700-dən yuxarı insan
müraciət edib və 47 iddia ərizəsi verib məhkəmə işini aparmışıq. Bunların əksəriyyəti
ixtisara salınanlardır. Onların da əksəriyyəti orta yaş həddində olanlar, yəni
hələ təqaüd yaşı çatmayanlardır. Bax bu da bir bəladır. Müraciət edən qadınlar 50-55,
yəni orta yaş həddindədir. Bu yaşda qadını heç kim işə götürməyəcək. Axı onları
ixtisara salmaqla məhvə sürükləyirlər. Bundan başqa dünən “Bahar” əməliyyat
şirkətindən bir nəfər kişi işçi gəlmişdi, 56 yaşı var, onun ağlamasını görsəydiniz
dözə bilməzdiniz. Xatırladım ki, “Bahar” əməliyyat şirkətindən ixtisara salınan
orta yaş həddindəki daha bir nəfər buna görə intihar etmişdi. İndi qadınlar gəlir
ki, bu yaşımda ailəmi saxlamaq üçün neynəyim, gedim pis yolamı düşüm? Kişilər də
gedib özlərini asırlar. Təqaüdçü şikayət edir ki, aldığı təqaüdlə heç kommunal
xərclərini ödəyə bilmir.
-Xarici neft şirkətlərində vəziyyət necədir, əvvəllər
ayrı-seçkiliklə bağlı çoxsaylı hüquq pozuntuları vardı...
-Ayrı-seçkiliyə heç vaxt son qoyulmayacaq.
Çünki işçinin arxasında dövlət dayanmalıdır ki, xarici neft şirkəti də belə
addım atmasın. Ötən il SOKAR GAPE şirkətindən bizə kütləvi şikayətlər daxil
oldu, işçilərlə əmək müqaviləsi əvəzinə mülki-podrat müqavilə bağlanmışdı, bu
da tamamilə qeyri-qanuni idi. İşçilər də şikayət edirdilər ki, onların əvəzinə
xariciləri gətiriblər. Bir neçə gün öncə “Bahar” əməliyyat şirkətindən də mənə
şikayətlər gəlib ki, orada da xaricdən yuxarı vəzifələrə işçilər gətirməyə
başlayıblar. Xarici şirkətlər hər zaman deyir ki, biz çoxlu azərbaycanlı işçi qəbul
etmişik, amma bunların hamısı boş söhbətdir. Bu gün də ən yüksək postda olan və
ən yuxarı maaşlar alanların hamısı yenə də xaricilərdi. Hansı xarici şirkətlə
maraqlansanız görəcəksiniz ki, prezidentlər, vitse-prezidentlər, digər rəhbər
işdə olanlar da hamısı xaricilərdir. Burada ən ağır problem odur ki, işçi ilə 3
aylıq müqavilələr bağlanılır. Yəni adlarını sadalmaq istəmirəm, demək olar ki,
bp tərəfdaşlarının hamısında 3 aylıq əmək müqaviləsi bağlayırlar. Çox təəssüflər
olsun ki, əmək müfəttişliyi bunu ya görmür, ya da ora daxil olub məsələyə müdaxilə
etməyə imkan verilmir. Çünki hər əməliyyat şirkətinin arxasında bir yüksək vəzifəli
məmur dayanır.
-Bəs bu şirkətlərdə həmkarlar təşkilatlarının
yaradılması məsələsindəki mövcud durum necədir, yenədəmi buna imkan vermirlər?
-bp-də buna imkan vermirlər, daha doğrusu, şərait
yaratmırlar. Həm də onlar baxır ki, mövcud həmkarlar təşkilatları əgər
konfederasiyanın çətiri altında olmadan müstəqil yaranacaqsa dövlət onu rəsmi
qeydiyyata almayacaq. Dövlət qeydiyyatına alınmayan həmkarlar təşkilatını isə
bp qəbul etməyəcək. Konfederasiyanın çətiri altında olanlarınsa sadəcə əmək
haqlarını 25 faizini Səttar Mehbalıyevin qurumuna keçirmnəklə işləri bitəcək.
Azərbaycanda neft sahəsində yalnız 2-3 müstəqil həmkarlar təşkilatı adı çəkmək
olar. Məsələn, “Bosshelf”in adını çəkmək olar. Doğrudur, konfederasiya onları
da məcbur edib öz çətiri altına alıb və oradan da 25 faiz üzvlük haqqı götürür,
amma yeganə şirkətdir ki, həm orda həmkarlar təşkilatı var, həm də üçtərəfli sosial
dialoq yaranıb. Bir tərəfində biz dayanırıq, hansılar ki, həmkarlar təşkilatının
üzvü deyil, onları təmsil edirik, ikincisi isə həmkarlar təşkilatı və üçüncü tərəfsə
işəgötüürəndir. Hesab edirəm ki, digər xarici şirkətlər də bundan nümunə götürməlidirlər.
Bir də bp-nin təchizat bazasında yaradılmış həmkarlar təşkilatı çox güclüdür.
-25 faizlik üzvlük haqqı məsələsinə aydınlıq gətirin.
Oxucular elə biləcək ki, konfederasiya maaşın 25 faizinə göz dikib...
-Niyə, görmürsünüz ki, konfederasiya digər nəhəng
xarici şirkətlərdə də həmkarlar təşkilatı yaradılmasına çalışır? Çünki orda əmək
haqqı yuxarıdır və üzvlük haqqı da 2 faiz olsa da bu böyük məbləğ edir, məhz həmin
toplanan ümumi məbləğin də 25 faizi konfederasiyaya verilməlidir. Yəni 2 faizin
25 faizi. Amma bu çox böyük məbləğlər edir. Amma bu günədək mən görməmişəm ki,
Həmkarlar İttifaqı Konfederasiyası hökumətlə öz arasında imzalanan Baş Sazişin
yerinə yetirilməsinə nəzarət eləsin.