Özbəkistan prezidenti İslam Kərimov
ölkəsinə rəsmi səfərə gələn Türkiyə Xarici İşlər nazirinə söz verib ki, keçmişdəki
xətalar bir daha yaşanmayacaq. Qeyd edək ki, Türkiyəylə Özbəkistan arasında
uzun illərdən bəri soyuq küləklər əsirdi. 1991-ci ildə müstəqilliyini elan edən
Özbəkistanı dövlət kimi tanıyan ilk ölkə Türkiyə olmuş və türk işadamları ora
xeyli investisya qoymuşdular. Lakin bu isti münasibətlər uzun sürməmiş, bir neçə
ildən sonra iki dövlət arasında ziddiyyətlər başlamışdır.
Ziddiyyətin əsas səbəbi rəsmi
Ankaranın Özbəkistandan qaçıb Türkiyəyə sığınan müxaliflərə qucaq açmasıydı.
Bunu ölkəsinə qarşı böyük dost xəyanəti kimi qəbul edən Kərimov qardaş dövlətlə
bütün əlaqələri kəsməyə qərar vermişdi. Türkiyədə oxuyan özbək tələbələri geri
çağrılmış, Özbəkistana investisiya qoyan türk işadamlarının mülkiyyəti müsadirə
olunmuş, bəziləri isə həbsə atılmışdır. Bu ziddiyyətlər bütün diplomatik əlaqələrin
kəsilməsinə qədər davam etmişdir. Təsadüfi deyil ki, iki ölkə aralasındakı münasibətlər
pozulduğundan Türkiyə Xarici İşlər Naziri səviyyəsində, son 13 ildə il dəfədir,
Daşkəndə səfər edir.
İlk baxışdan keçmişdə yaşanan
bu acı hadisələri nəzərdə tutan İslam Kərimov bir daha eyni xətalara düşməyəcəyini
bildirir və Özbəkistanla Türkiyə arasında yaranan iqtisadi əməkdaşlığın bütün
Asiyaya stabillik gətirəcəyinə inanır.
Bir sıra politoloqların
bildirdiyinə görə isə İslam Kərimovun dilə gətirdiyi bu sözlər heç də onun öz səhvini
20 ildən sonra anlaması deyil. Əsl səbəb Özbəkistanın yerləşdiyi geosiyasi məkanda
vəziyyətin getdikcə mürəkkəbləşməsidir. Rusiyanın təsiri və Kərimovun
diktatorluq maraqları nəticəsində demokratik dəyərlərdən uzaq tutulan Özbəkistan
indi çətin vəziyyət qarşısındadır. Bir yandan Orta Asiya diktatorlarının himayədarı
Rusiyanın Ukrayna konfliktinə cəlb olunması və getdikcə zəifləməsi, digər
yandan isə ABŞ-ın Əfqanıstandan çıxmasıyla bölgə dövlətlərinin radikal islami təşkilatların
təsiri altına düşməsi özbək diktatorunu xeyli qorxudur. Demokratiyanın meyvələrini
dada bilməyən bütün Orta Asiya dövlətləri kimi Özbəkistanın da yaxın gələcəkdə qarışacağı
ehtimalı var.
Təsadüfi deyil ki, Foreign
Policy jurnalinin ve Amerika Sülh Teşkilatının bərabər apardığı araşdırmaya görə dünyanın ən qeyri-stabil yeri
Orta Asiyadır. Bu coğrafiyada yerləşən Özbəkistan qeyri-stabil ölkələr
sırasında 48-ci yeri tutur. Bu türk respublikasının siyahıdakı yeri hətta bu
gün vətəndaş müharibəsilə çarpışan Tacikıstandan belə xeyli geridədir.
Özbək yetkililəri iddia edirlər
ki, sözügedən siyahı əsl gerçəkliyi ifadə etmir. Bu həqiqətən də belə ola bilər.
Fəqət irəli sürülən bu arqument gözlər önündə daha qorxunc tablo yaradır. Belə
çıxır ki, bu kimi hesabatların gerçək müəllifi olan beynəlxalq güc mərkəzləri
stabilliyi pozmağa çalışacaqları dövlətlərin adını açıqlayıb və Kərimovun ölkəsi
də “qara siyahıdadır”. Və elə bu “qara siyahı”ya düşmək də Özbəkistan liderinin
yuxusunu qaçırır.
Bu yaxınlarda Rusiya strateqlərinin
Moskvadakı Ukrayna otelində düzənlədikləri beynəlxalq təhlükəsizlik konfransında
dilə gətirilən bəzi fikirlər də Özbəkistanda stabilliyinin yaxın gələcəkdə
xeyli mürəkkəb olacağından xəbər verir. Rus streteqlərə görə NATO-nun
Əfqanıstandan çəkilməsiylə bu ölkə yenidən 1990-cı illərin əvvələrlindəki vəziyyətə
düşəcək və yenidən güclənən Taliban hərəkatı bütün bölgəyə yayılacaq.
Özbəkistan isə bu hadisələrdən
ən çox təsirlənə biləcək bölgə dövlətlərinin başında gəlir. Təsadüfi deyil ki,
radikal İslami qruplara qarşı ən böyük savaşı məhz Kərimov vermişdir. Onun 13 May 2005-ci il tarixində Əndicanda
zorla yatırtdığı üsyanda ən azı 1500 asinin öldürüldüyü bildirilir. Sözsüz ki, bu
qanlı olayın yarası hələ də sağalmayıb və islamçı qruplar qisas alacaqları günü
gözləyirlər. Bölgədə stabilliyin nəzarətdən çıxması isə qisas günü üçün ən əlverişli
fürsət olla bilər.
Kərimovun öz ailəsində də bəxti
gətirmir. Qızı Gülnarənin bütün dünyaya ün salan hərəkətləri bir tərəfdən onun
özünün psixoloji gərginlik yaşamasına gətirib çıxarır, digər tərəfdən isə
liderin mühafizəkar özbək xalqı arasındakı nüfuzuna ciddi zərbə vurur, onun
yaratdığı xof imperatorluğunu gülüş hədəfinə çevirərək dağıdır.
Görünür, hər keçən gün taxtının
daha artıq laxladığını hiss edən Kərimov indi keçmişdə buraxdığı “səhvlərini”
düzəltməyə çalışır. Üzünə ağ olanları qanla cəzalandırmaqdan xoşlanan ABŞ-a
meyllənməsi özbək liderin artıq “ağıllanmağa” çalışmasının ən bariz örnəyidir. O
da səbəbsiz deyil ki, Özbəkistanda NATO qüvvələrinin hərbi mərkəzinin açmasına
icazə verildiyi barədə informasiyalar artıq dövrü mətbuatda yayılmağa başlayıb.
Belə çıxır ki, “ağıllanan”
İslam Kərimov Qərbə inteqrasiyanın Türkiyəylə daha təhlükəsiz olacağına
inandığından 13 illik fasilədən sonra yenidən rəsmi Ankaraya qapılarını
açmışdır.