Mehman Əliyev: “İlham Əliyevin hakimiyyətə gəlməsinin özü beynəlxalq plan idi”
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev “Hürriyyət” qəzeti və Moderator.az-a ölkədəki mövcud daxili durumla bağlı müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:
-Mehman bəy, prezident İlham Əliyev XİN-də keçirilən toplantıda bildirdi ki, müxalifət Qərb dövlətlərinin daxili siyasətlə bağlı mənə müəyyən təsir və təzyiq göstərdiyini düşünsə də reallıq belə deyil. Sizcə doğrudanmı bugünə qədər Azərbaycanda demokratik vəziyyəti yaxşılaşdırmaq, islahatlar həyata keçirməklə bağlı İ.Əliyevə hər hansı Qərb dövlət başçısı nə isə söyləmək cəsarəti göstərməyib?
-Mən ölkə başçısının bu məsələ ilə bağlı səmimiyyətinə inanmıram. Xatırlatmaq istəyirəm ki, Azərbaycanda səfərdə olan Sarkozi bildirmişdi ki, mən demokratik islahatlarla bağlı İlham Əliyevlə söhbət etmişəm. Bu barədə ictimaiyyətə biz yox, Sarkozi və digər iri Qərb dövlətlərinin prezidentləri, dövlət rəsmiləri məlumat verir. Onda belə çıxır ki, həmin liderlər də yalan danışır. Axı belə olmaz. Belə danışmaq olmaz. Bunu prezidentlər deyib axı. İ.Əliyev hansı Qərb lideri ilə görüşübsə, həmin şəxslər özləri bildirib ki, görüş zamanı hansı məsələlərə toxunulub. Söhbət faktlardan gedir. Əgər mən bir jurnalist olaraq bu barədə nə isə deyirəmsə, faktla danışıram. Prezident hər hansı açıqlama verəndə heç deyilsə fikirləşməli, ölçüb-biçməlidir.
Mən təsir və təzyiq məsələsini də anlamıram. Axı nə üçün Azərbaycanda qanunun aliliyi olan normal, dünyəvi, demokratik dövlət yaratmaq üçün hökmən kiminsə təsir və ya təzyiqini gözləmək lazımdır. Yəni bütün bunlar o qədər qeyri-normal şeylərdir ki, bunun baş verməsi üçün kiminsə təsiri, yaxud təzyiqi lazımdır? Bu xalqın haqqıdır və bu haqq xalqa verilməlidir. Bu məsələdə heç kim heç kimə təzyiq etməməlidir. Bu normadır. İ.Əliyev elə danışır ki, sanki müxalifət ondan Qarabağı ermənilərə verməyi tələb edir, o isə deyir ki, yox vermirəm. Bu, İ.Əliyevin borcudur. O, prezident seçiləndə konstitusiyaya and içib. Madam ki, bu məsuliyyəti öz üzərinə götürmüsən, madam ki, and içmisən elə də. Bunun üçün kimsə sənə təzyiq göstərməlidir? Bu nə məntiqdir?
-Sizcə İ.Əliyevin bu açıqlaması həm daxili, həm də beynəlxalq ictimaiyyətə meydan oxumaq hesab edilə bilərmi?
-Xeyr. Mən hər zaman demişəm və bu gün də təkrarlayıram. Ötən il seçki ərəfəsində hakimiyyət təmsilçiləri həm Rusiya, həm Amerika, həm də İrana gedərək qarşı tərəflərlə görüşlər keçiriblər. Həmin dövlətlərin təmsilçiləri isə bu danışıqların mahiyyətini açıqlayıblar. Həmin görüşlərdə bu dövlətlərdən konkret olaraq yardım istənilib. Bütün nümayəndələr də İ.Əliyevin göstərişi və icazəsi ilə bu danışıqları aparırdı. Çünki onlar özbaşına deyillər və özbaşına belə bir danışıq apara bilməzlər. Bu danışıqlarda Azərbaycanın bəzi millət vəkilləri də iştirak edib. Bundan başqa, ABŞ-dan böyük bir nümayəndə heyətini də Azərbaycana dəvət etdilər və düz üç gün onları burada yedizdirib içizdirdilər. Bu kimi hallar dəfələrlə olub. Bu baxımdan biz deyə bilmərik ki, adada yaşayırıq və bu ada ilə bağlı heç kimin heç bir marağı yoxdur və ya bu maraqlar toqquşmur. Heç kim bilmir ki, burada nə baş verir və s. belə deyil. Hər kəs Azərbaycanda nə baş verdiyini çox gözəl bilir. Biz də bilirik.
-Hakimiyyət daha çox Rusiyadan ehtiyat edir, yoxsa Qərbdən?
-Hakimiyyət hər yerə emissarlar göndərir və bütün tərəflərlə danışıqlar aparırlar. Rusiyada gedib deyirlər ki, biz ABŞ-a qarşı durmuşuq, ABŞ-da isə deyirlər ki, biz Rusiya və İrana qarşı durmuşuq. Hamıdan qorxurlar. Hamı ilə bağlı hakimiyyətin narahatlığı var. Hamıdan özlərinə təhlükə görürlər. Bu baxımdan bir sıra istiqamətlərdə də işləyirlər. Bu, görünür. Bir tərəfdən ABŞ və digər Qərb dölətləri ilə tədbirlər keçirirlər, digər tərəfdən isə rusları bura dəvət edib strateji partnyorluq haqqında danışırlar. Dünyada elə bir ölkə qalmayıb ki, Azərbaycanın həmin ölkə ilə strateji münasibətləri olmasın. Əgər hər görüş, hər münasibət strateji münasibətdirsə, o zaman həqiqi strateji münasibətlərin adı nədir? Bu strateji münasibətlərin mahiyyəti nədən ibarətdir, bu da aydın deyil.
-Bəzi müxaliflər hesab edir ki, Mili Demokratiya İnstitunun bağlanmasından sonra Azərbaycanda media, vətəndaş cəmiyyətləri və siyasi müxalifətə basqılar daha da artacaq. Bu qənaəti bölüşürsünüzmü?
-İllərlə basqı və təzyiq siyasəti güclənib. Xüsusilə, İ.Əliyev hakimiyyətə gələndən sonra bu özünü daha çox hiss etdirməyə başlayıb. İ.Əliyevin hakimiyyətə gəlişindən sonra demokratik kəsimə qarşı təzyiqlər də arta-arta gedir. Bu baxımdan dəyişən bir şey yoxdur. Bu, real situasiyadır və burada vətəndaş cəmiyyəti, media və s. hər zaman güclü təzyiq altında olub. Onların böyük əksəriyyəti hakimiyyət tərəfindən nəzarətə götürülüb. Bu faktdır.
-Mövcud vəziyyətdən çıxmaq üçün demokratik qüvvələrin edə biləcəyi, amma etmədiyi nə isə varmı?
-Hesab edirəm ki, vəziyyətdən çıxmaq üçün öncə beynəlxalq səviyyədə bir qərar verilməlidir. Azərbaycandakı durumla bağlı nə varsa, bunların hamısı beynəlxalq səviyyədə həll olunur. Heç kim deməsin ki, hakimiyyət özbaşına nə isə edir. Mən heç vaxt buna inanmamışam. İ.Əliyevin hakimiyyətə gəlməsinin özü beynəlxalq plan idi. Bu baxımdan hesab edirəm ki, bu məsələdə də nəyisə dəyişmək üçün öncə bir qərar olmalıdır. Hansısa dəyişiklik üçün vəziyyət özü yetişməlidir. Ucuz neft pulları böyük miqyasda səpələnir. Digər tərəfdən beynəlxalq ictimaiyyəti müəyyən qədər bu vəziyyət qane edir. Çünki onların özlərinin də strateji maraqları mövcuddur. Bununla belə hesab edirəm ki, Azərbaycanda demokratiyaya keçid məsələsi gündəmdədir və getdikcə bu məsələ daha da ciddiləşəcək. Yaxın 5-6 ildə neft istehsalı iki dəfə aşağı düşəcək. Hazırda bu proses gedir. Azərbaycanda normal demokratik münasibətlər qurulmasa, hakimiyyəti yaxşı heç nə gözləmir. Hakimiyyət ya vəziyyəti öz dəyişməli, yəni “yuxarıdan” islahat aparmalıdır, ya da bu “aşağıdan” baş verəcək. Bunun başqa yolu yoxdur.
-Milli Şuranın mövcud durumu və gələcək perspektivləri ilə bağlı fikirlərini bilmək istərdik.
-Mən perspektivlər haqqında heç nə deyə bilmərəm. Əvvəlki Milli Şura ilə indiki Milli Şura arasında böyük bir fərq mövcuddur. Milli Şuranın sıralarının genişlənəcəyi və ya sayının daha da azalacağı haqqında fikir söyləmək çətindir. Amma Milli Şura bir ideya kimi iflasa uğrayıb. Bu reallıqdır. Bu bir faktdır. Bəzi təşklatlar, siyasi qurumlar çalışırlar ki, Milli Şuranın ilkin gücünü bərpa etsinlər, onu gücləndirsinlər və s. Bu cəhdlərdən nə çıxacaq, bunu zaman göstərəcək.
-Sizcə Milli Şurada baş verən ayrılmalara nə səbəb oldu? Bu, müxalifət daxilindəki qeyri-səmimiliyin nəticəsi kimi meydana çıxdı, yoxsa təşkiların idarəedilməsindəki nöqsanlardan qaynaqlandı?
-Buna təsir göstərən ən mühüm amil İ.Əliyevin prezident seçilməsi ilə bağlı beynəlxalq qərarın verilməsi oldu. Ötən ilin iyul ayında qərar verildi ki, İ.Əliyev üçüncü dəfə seçkilərə gedir. Bu faktdır. Ən mühüm amil bu oldu. Daha sonra müxtəlif beynəlxalq dairələrin təsiri altında olan təşkilatlar ayrılmağa başladı. Nəticədə seçki ərəfəsində Milli Şura iflic vəziyyətinə düşməyə başladı. Bu faktdır. Bir daha qeyd edirəm ki, bu məsələdə beynəlxalq faktor çox böyük rol oynadı. Əsas məsələ budur.
Seymur Əliyev