ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Laçin dəhlizi istisna olmaqla Dağlıq Qarabağ ətrafında olan ərazilərin Azərbaycana qaytarılacağını bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağın yekun statusu isə yerli əhalinin öz iradəsi əsasında formalaşacaq.
ABŞ səfirinin fikirlərini şərh edən hüquq elmləri üzrə fəlsəfə doktoru Rafael Qasımov Moderator.az-a bunları bildirdi:
“ABŞ səfirinin bu fikirləri Dağlıq Qarabağın ermənilərə verilməsi təklifindən başqa bir şey deyil. Səfirin fikrindən belə çıxır ki, bölgə ətrafındakı əraziləri Azərbaycana qaytarmaqla ermənilər bizim dədə-baba torpaqlarımıza sahib çıxmalıdırlar. ABŞ diplomatı Dağlıq Qarabağın yekun statusunun yerli əhalinin öz iradəsi əsasında formalaşmasını deyərkən referendum keçirilməsini nəzərdə tutur. Referendum isə gözdən pərdə asmaq cəhdidir. Çünki, Dağlıq Qarabağda hazırda bir nəfər də olsun, azərbaycanlı sakin yaşamır. Onlar zorla həmin tarpaqlardan çıxarılıblar. Faktiki olaraq tamamilə erməniləşdirilən Dağlıq Qarabağda keçiriləcək referendum yerli əhalinin gerçək iradəsini əks etdirməyəcək. Üstəlik, ayrıca hansısa bölgənin təkbaşına referendum keçirmək hüququ yoxdur. Qarabağ Azərbaycanın ərazisidir. Ərazinin dəyişdirilməsi üçün keçiriləcək bu referendum Azərbaycan Konstutisiyasına görə bütün ölkəni əhatə etməlidir. O zaman ABŞ diplomatının dediyi yerli əhalinin iradəsi termininin heç bir mənası yoxdur və bu təklif bizim suverenlik haqlarımıza, konstitusion hüquqlarımıza təcavüzdən başqa bir şey deyil”.
Hüquqşünas alimə görə, əslində ABŞ səfinin bu fikirləri Dağlıq Qarabağ konfliktinin başlanğıcında erməni tərəfinin münaqişənin həll yolu haqqında irəli sürdüyü separatçı prinsiplərin bir başqa şəkildə ifadəsidir: “Bilirsiniz ki, ermənilər ilk əvvəl Dağlıq Qarabağın müstəqilliyini tələb edirdilər. Azərbaycanın öz əzəli torpaqları uğrunda mübarizəsini görüb rus himayədarlarının köməkliyi ilə onun ətrafındakı rayonları da ələ keçirdilər, Daha sonra bundan bazarlıq üçün istifadə etməyə başladılar. Yəni “Dağlıq Qarabağı siz bizə verin, ətraf rayonları da biz qaytaraq”- dedilər. Azərbaycan da bunu qəbul etmədi. İndi uzun illərdən sonra ABŞ diplomatı tərəfindən irəli sürülən bu təklif də mahiyyət etibarilə ermənilərin mövqeyindən fərqlənmir. Sözsüz ki, Azərbaycan tərəfi də bunu heç cür qəbul edə bilməz”.
Son zamanlar başda Prezident olmaqla Azərbaycan rəsmilərinin əksəriyyətinin müharibə bəyanatları verməsinə diqqət çəkən Rafael Qasımov bunun bəlkə də mövcud gerçəkliklə əlaqədar olduğunu bildirdi və bütün ictimaiyyətə səsləndi: “Siyasi mövqeyindən, kimliyindən asılı olmayaraq bütün Azərbaycan əhalisi milli qürurumuza təcavüz kimi görünən bu proseslər qarşısında sıx birləşməli, cənab Prezidentimizin haqlı mövqeyini dəstəkləməlidir. Biz yalnız bu zaman düşmənə güclü olduğumuzu göstərər və torpaq itkimizin qarşısını ala bilərik”.