Təəssüf ki, bu gün görüntülərin mahiyyətdən daha çox önəm daşıdığı dövrdə yaşayırıq. Materialist düşüncənin yetişdirdiyi toplum olaraq hamımız insanın görüntüsünə baxıb onun daxili aləminə qiymət veririk. Məhz bu səbəbdən bəzən saqqallı birini görəndə düşüncələrini dinləmədən, əməlinə baxmadan onu Suriyada, İraqda baş kəsən, qan tökən insan kimi dərk edir, guya din qardaşlarımızın qisasını alırıq. Saqqalı dinin əsas qayəsi kimi görənlərimiz də az deyil aramızda. Heç rüşvət alıb, ev yıxa-yıxa namazla, orucla Allaha sığınaraq günahlarının bağışlanacağını umanlarımız da. Hansısa yetimin göz yaşlarına səbəb olan rüşvət puluyla "hacı" statusu qazanıb millətin gözünə xoş görünənlərimiz də az deyil. Bununla da Allaha ibadətimizin tamamlandığını düşünənlərimiz də. Haqsız da deyilik əslində. Axı bizim cəmiyyət üçün dini ibadət Allah xətrinə deyil, qul xətrinədir, sadəcə görüntüdən, ictimai statusdan ibarətdir.
Təbii ki, hər şeyin saxta olduğu bir məmləkətdə sadəcə dindarlığın saf olmasını gözləmək də yalnışdır. Bütün cəmiyyətlər öz xarakterlərinə uyğun din yaradırlar. Saxtakarlığın baş alıb getdiyi bizim cəmiyyətimizin yaratdığı din də görüntüdən o tərəfə gedə bilməzdi.
Bu gün oxucularla paylaşdığım şeirlər də məhz belə dindarlığın tənqidinə yönəlib. Şeirlər nə qədər uğurlu alınıb, alınmayıb, təsbitini Siz qədirbilən oxucuların ixtiyarına buraxıram.
Heydər Oğuz
Hacı Yer
Gərçi çoxdur gəzəgən, aləmin ancaq tacı Yer.
Çox geniş süfrəsi vardır, doyurur hər acı Yer.
Günəşin başına hər gün dönər ancaq yenə də
Duymadım kimsə deyə isminə əsla “Hacı Yer”.
Qəzəllər
Kim ki saqqal buraxır, sanma müsəlmandı demək,
Tükdə din axtarana saqqalı imandı demək.
Özünün haq yolunu qılda görən “bəxtəvər”in
Cənnətində keçilər huriyi-qılmandı demək.
Din üçün dindaşının kimsə kəsirsə başını
Başı mömin başıdır, gövdəsi şeytandı demək
Nəslinin canına qıymaz yem üçün vəhşi ayı,
Cahil ondan da betər yırtıcı heyvandı demək
Bəli, cahil ilə heyvan da qiyaslanmaz, Oğuz!
Düzmü həm qanmaza, həm aqilə insandı demək?