ATƏT PA-nın Bakıdakı tədbirindən göründü ki, Qərb hər addımda Rusiya ilə Azərbaycan arasındakı münasibətləri pozmaq üçün bəhanə axtarır. Etiraf edək ki, buna çox vaxt nail olurlar və zaman-zaman Moskva-Bakı münasibətləri sınağa çəkilir.Bundan qaçmaq üçün nə təklif edirsiniz? Orxan Zeynalovun məsələsinə diasporumuzun ciddi yanaşmadığı ittihamları da var.
Moderator.az bütün bu suallarla Moskvadakı ən
məhşur soydaşlarımızdan olan və Putinə yaxınlığı ilə seçilən Söyün Sadıqova
müraciət edib. Təbii ki, həmişə olduğu kimi bu dəfə də S. Sadıqov Rusiyaya
qarşı haqsız, ədalətsiz mövqedən şikayətlənib:
“Hər şeydən öncə demək istəyirəm ki, mənə və
düşünürəm ki, bütün azərbaycanlılar və Azərbaycan vətəndaşları, eyni zamanda Azərbaycandan
kənarda yaşayan soydaşlarımız, ən çox da bakılılar üçün çox xoşdur ki, nüfuzlu
beynəlxalq təşkilatlardan biri Bakıda toplaşaraq dünyada və Avropada baş verən
olayları müzakirə edir. Orada demək olar ki, 66 ölkəsinin deputatları,
diplomatları toplaşıb. Bu, Azərbaycan üçün dünyada və Avropada sayılıb-seçilən
olkə olduğunu sübut edən böyük uğurdur. Gələn yüzlərlə parlamentari və
diplomatlar, jurnalistlər Bakını öz gözləriylə gördülər, İndi onların nəzərlərində
tamam fərqli Azərbaycan obrazı canlandı, azərbaycanlıların həyat tərzi və mədəniyyətlərini
görmək imkanları oldu.
Təbii ki, həmin tədbirdə əsas müzakirə
predmetlərindən biri də son zamanlar Ukraynada yaşanan olaylar və
Ukrayna-Rusiya münasibətlərinin mövcud durumu idi. Orada Rusiyaya qarşı bir
ovqat formalaşmışdı. Təbii ki, Rusiyanı Krımın işğalına, Donbas və Luqanskda
baş verənlərə görə itttiham etmək çox asandır, ancaq kimsə bu barədə danışmaq və
eşitmək istəmir ki, niyə Ukraynada hər şey birdən-birə bu cür sürətlə dəyişdi və
idarəolunmaz məcraya yönləndirildi, eyni zamanda iki dost ölkə-Ukrayna və
Rusiya arasında bu cür ciddi münaqişə yaşandı. Niyə kimsə demək istəmir ki,
Ukraynadakı dövlət çevrilişinin arxasında kimlər dayanırdı və bu cür insan tələfatına
rəvac verildi və qəsdən iki qardaş ölkə arasında ağır münaqişə törədildi? Bu
gün bir çox Avropa Birliyi ölkəsində və Amerikada nəinki postsovet məkanında
baş verənlərə, hətta bütün dünyada və xüsusən ərəb dünyasında yaşananlara görə
Rusiyanı günahlandırmaq cəhdləri aydınca hiss edilir. Ancaq onlar
Yuqoslaviyanı, Kosovonu, İraqı, Liviyanı, Suriyanı, Tunisi, Misiri unutdurmaq
istəyirlər ki, kimlər bu ölkələrdə stabilliyi pozdular? Bütün bunlar SSRİ-nin
çökməsindən sonra baş verir və nəticədə birqütblü dünya qurmağa çalışılır. Ona
görə də Rusiyanın birqütblü dünyaya qarşı təklif etdiyi Avroasiya İttifaqının
qurulmasına hər vəchlə mane olmağa çalışırlar. Ona görə də 20 ildir bütün təbliğat cəbhəsi
boya Rusiyaya qarşı döyüşürlər və Dağlıq Qarabağ, Dnestryanı, Cənubi Osetiya, Abxaziya
münaqişələrini Rusiyaya bağlamağa çalışırlar. Amma unudurlar ki, həmin münaqişələr
SSRİ-dən qalma problemlərdir. Bu gün Bakıda Rusiya əleyhinə qəbul olunan qətnamə
əslində Avropa Biriliyi və ABŞ-a qarşı da qəbul olunmalıydı. Bu gün açıq-aşkar
bütün postsovet məkanında ABŞ, və Aİ antiRusiya ovqatı yaratmağa çalışır. Məqsəd
də aydındır, Rusiyanı təkləmək və parçalayaraq birqütblü dünya düzənini sona
çatdırmaq.
Ona görə də hesab edirəm ki, postsovet ölkələrinin
xalqları yalnız bir yerdə əl-ələ verərək iqtisadiyyatlarını və dünyada milli
maraqlarını qoruyub saxlaya bilərlər. Qərbdən, Amerika və Avropa İttifaqından
xoşbəxtlik umanlar tezliklə yanlış düşüncələrinə görə məyus olacaqlar. Çünki
onlar xalqların deyil, özlərinin maraqlarını rəhbər tuturlar.
Orxan Zeynalovun məhkəməsinə gəldikdə isə
bildirim ki, proses normal keçirilir, Azərbaycan diasporu onu yaxşı vəkillə təmin
edib. Ancaq hesab edirəm ki, cinayətkardan milli qəhrəman obrazı yaratmaq doğru
deyil. O cinayət törədib və qoy qanun qarşısında cavab versin, Onun axmaq və
düşünülməmiş addımı, günahı üzündən çoxsaylı azərbaycanlı, ləzgi,avar,türk,talış
və ruslar işsiz qaldılar, halbuki onların ailələrinin yeganə dolanışıq mənbəyi
Rusiyadan göndərilən pullarla təmin olunurdu. Ona görə də gəlin Orxan
Zeynalovla bağlı az danışaq və yazaq. Yaxşı olar ki, millətimizə problemlər
yaşadanlardan eyil, özünə, ailəsinə, Vətəninə gərəkli olan adamların əməllərindən
yazılsın, deyilsin. Qoy oxucular Orxan Zeynalov kimi axmaq adamlara görə
utanmaqdansa, Vətən üçün iş görənlərlə fəxr etsin.”