Tanınmış
hüquqşünas Aslan İsmayılov şəhərin əsas problemlərindən biri olan, insanların sərbəst hərəkətinə maneçilik törədən səkilərin məmurlar
tərəfindən bağlanmasından yazıb.
Moderator.az
Aslan İsmayılovun fikirlərini oxuculara təqdim edir.
“Bakı
küçələri günü gündən keçilməz olur. Fiziki qüsuru olanları demirəm, tam sağlam
insanlar üçün şəhərdə hərəkət etmək mümkün deyil. Piyadalar üçün nəzərdə
tutulmuş səkiləri hərə istədiyi kimi bağlayır, obyekt açır, zirzəmilərdə
açdıqları obyektlərə pilləkənlər düzəldir... Piyadalar üçün nəzərdə tutulmuş səkini
kəsmək (buna yol kəsmək deyirlər) Vasif Talıbovun xobbisidir. Qoqol Tolstoy küçələrinin kəsişməsini bağlayıb gül balalarının maşınları üçün
avtomobil dayanacağı etdi, Həsənoğlu Aşıq Alı kəsişməsindəki səkini isə özünə məxsus
"Divan" mehmanxanasına dayanacaq etdi. Elə "Divan"
mehmanxanasının yerində də əvvəllər 4 dənə 10 mərtəbəli yaşayış binasında
yaşayanların uşaqlarının bağçası idi. Kəsə desəm satılası torpaqlar
qurtardığından icra başçıları səkiləri satırlar.
Xaricdə ilk dəfə olanlar əlil arabasında olan
insanların çoxluğundan şoka düşüb şükür edirlər ki, bu sahədə analoqumuz
yoxdur. Ona görə ki, Bakıda əlil arabasında olanlar demək olar ki, yoxdur.
Ancaq çoxları bilmir ki, fiziki qüsuru olanların sayı Bakıda yüz mindən də
artıqdır. Sadəcə vicdandan əlillər səkiləri o günə qoyublar ki, onlar sadəcə
küçələrə çıxa bilmirlər və dörd divar arasında yaşamağa məhkumdurlar. Hələ
onların evlərindən düşməyin də mümkünsüz olmağından danışmıram.
Ona görə də bütün varlığımla Bakıda mer seçkilərini
arzulayıram. Bəri başdan da deyirəm ki, ev yıxmağın qəti əleyhinə olsam da, küçələrdə
insanları hərəkətinə mane olan bütün obyektlərin sökülməsinin tərəfdarı olacam.
Birinci növbədə bu öhdəliyi öz üzərinə götürən namizədin tərəfdarı, təbliğatçısı
olacam və bütün varlığımla onun qalib gəlməyənə çalışacam”.
P.S. Qazanc üçün hər addıma hazır olanlar, bilin
ki, çoxları məni kimi düşünür. Çalışın mayanız batmasın.