Bakının Nərimanov rayonundakı 303 saylı uşaq bağçasının qarşısındakı qəssabxana görənləri dəhşətə salır. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, bağçaya bitişik ərazidə tiklən qəssabxanada hər gün azyaşlıların gözü qarşısında dana kəsimi reallaşır ki, bu da uşaqlara qorxulu anlar yaşadır:
“Hər gün səhər saatlarıbnda qəssəbxanada uşaqların gözü qarşısında kəsilən dana onların gözü önündəcə asılaraq soyulur, şaqqalanır və kəsilərək müştərilərə satılır. Dana kəsimi vaxtı kəsilən dananın səsindən və axan qandan vahimələnərək qaçan uşaqlar binanın ikinci mərtəbəsindən bu qorxunc mənzərəni seyr edir, bağça müəllimələri isə onların bu epizodu görməsinə mane olmağa çalışırlar”.
Baş verənlərlə bağlı Moderator.az-a açıqlama verən sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev bu olayların yolverilməz olduğunu və bunun azyaşlıların psixologiyasında ağır izlər qoya biləcəyini vurğuladı:
“Mən həmin mənzərəyə şahid olan çoxsaylı insanlardan biriyəm. Doğrudan da, səhər-səhər azyaşlı uşaqların gözü qarşısında baş verənlər dəhşətdir və bunu başqa sözlə ifadə etmək mümkünsüzdür. Mən uzun müddət polis orqanlarında çalışan, insan psixologiyasına yaxşı bələd olan bir şəxs kimi deyə bilərəm ki, bu cür mənzərələr uşaqların gələcəyi, onların normal psixoloji inkişafı üçün ciddi təhlükədir. Bu cür mənzərə şahid olan uşaqlar gələcəkdə qana susaya bilərlər. Hər gün qan görən bu uşaqlar üçün böyüyəndə adam öldürmək, adam başı kəsmək adi bir şeyə çevrilə bilər. Odur ki, həmin qəssabxananın təcili olaraq məlum ərazidən köçürülməsi zəruridir. Təbii ki, bu məsələdə uşaq bağçasının heç bir günahı yoxdur. Bu məsələdə əsas məsuliyyət həmin qəssabxananın məlum ərazidə fəaliyyət göstərməsinə icazə verən, belə bir fəaliyyəti himayə edən şəxslərin üzərinə düşür”.