Moderator.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov “İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları haqqında şok iddia” adlı xəbərdə göstərilənlərə münasibət açıqlayıb:
“Bəli, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Tovuz rayonuna ezam edilərək əldə etdikləri məlumat əsasında iyunun 3-də rayonun Qovlar qəsəbəsində əməliyyat tədbiri keçiriblər. Nəticədə Qaradağ rayon sakini Şəfiqə Xankişiyevanın icarə əsasında işlətdiyi “Tatar” kafesində gəlir əldə etmək məqsədilə əxlaqsızlıq yuvası təşkil edərək qadınları fahişəliyə cəlb etməsi müəyyən edilmişdir. Hal şahidlərinin iştirakı ilə müvafiq sənədləşmə işləri aparılmış, kafenin icarədarı Ş. Xankişiyeva, eləcə də onun tərəfindən fahişəliyə cəlb edilmiş qadın və müştərisi (məlum səbəblərdən onların adlarını açıqlamıram) izahatlarının alınması üçün Baş İdarəyə dəvət olunmuşlar. İzahatları alındıqdan sonra onlar sərbəst buraxılıb, toplanmış material isə müvafiq araşdırmaların aparılması və prosessual qərarların qəbul edilməsi üçün istintaq orqanına təhvil verilib. Hal-hazırda istintaq araşdırmaları həyara keçirilir. Yekunda aşkar edilmiş fakta hüquqi qiymət veriləcəkdir. Onu da qeyd edim ki, keçirilmiş tədbirin nəticəsi barədə Qanuna müvafiq olaraq, dərhal prokurorluq və məhkəmə orqanlarına da yazılı məlumatverilib. Fakt və həqiqət bundan ibarətdir.
Xəbərdə göstərilir ki, Ş. Xankişiyeva guya buraxılması müqabilində İAQMBİ-də Faiq adlı əməkdaşa pul verib... Əsassız və kökündən yanlış olan uydurma bir iddiadır. Əvvəla, Baş İdarədə Faiq adlı işçi ümumiyyətlə yoxdur, ikincisi, təqdim olunan videogörüntüdə bir nəfər hansısa bir iaşə obyektində pul sayır... Anlaşılan deyil, bunun qeyd etdiyimiz tədbirə və tədbiri keçirən əməkdaşlara nə aidiyyatı var....? Çox təəssüflər olsun ki, ağa qara deməyə, şərəfli və çətin peşə sahiblərinin əməyini gözdən salmağa cəhd edənlərə hələ də rast gəlirik. Qanuna müvafiq olaraq rəhbərliyin nəzarəti altında rəsmi surətdə həyata keçirilmiş bir əməliyyat tədbirinin nəticəsini təhrif etmək, ümumən cinayətkarlığın, o cümlədən milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin tam ziddinə yönəlmiş hərəkətlərin vaxtında qarşısını alan polis əməkdaşlarına qarşı KİV-də uydurma ağir ittihamlar irəli sürmək ən azından cinayətə bərabər bir məsuliyyətsizlikdir”.